Milli Məclisin sədri ilə İlyas İsmayılovun qarşıdurması yeni mərhələyə keçir

3 Aprel 2014 08:00 (UTC+04:00)
Deputat İlyas İsmayılovla spiker Oqtay Əsədov arasında ötən iclaslarda müşahidə olunan gərginliyin davam edəcəyi barədə xəbərlər dolaşır. Bu barədə yayılan məlumata görə, Milli Məclisin aprelin 4-də keçiriləcək növbəti iclasında növbəti qalmaqal yaşanacaq.

Bundan öncə də mətbuatın verdiyi xəbərlərə görə, öyrədilmiş bəzi deputatların Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovu hədəfə alacaqları gözlənilir. "Məlumata görə, böyük ehtimalla onlar İ.İsmayılovun ölkənin baş prokuroru və ədliyyə naziri olduğu dövrün "təftişini" aparacaqlar" - deyə, xəbərdə bildirilir. "Yeni Müsavat"ın əvvəlki saylarında yazıldığı kimi, buna səbəb son vaxtlar İ.İsmayılovun bir sıra qanunların pozulduğu barədə məsələlər qaldırmasıdır. Mərkəzi Seçki Komissiyasını qanunu pozduğu üçün məhkəməyə verən İ.İsmayılov universitet rektoru olan deputatların mandat daşımasının qanundan kənar olduğu məsələsini gündəmə gətirib. Milli Məclisin ötən iclası isə İ.İsmayılovla spiker Oqtay Əsədov arasındakı sərt polemika ilə yadda qaldı. Bunsan sonrakı günlərdə İ.İsmayılov mətbuata geniş müsahibə verərək O.Əsədovu həddini aşmaqda, vəzifə səlahiyyətlərini bilməməkdə və sairdə ittiham edib. Daha sonra İ.İsmayılovun həmkarları arasında onu müdafiə edənlərlə yanaşı, mövqeyinə qarşı çıxanlar da oldu.

Bu mənada hesab olunur ki, spikerə qarşı tutduğu sərt mövqe 4 aprel iclasında planlaşdırılmış şəkildə bəzi deputatlar tərəfindən cavablandırılacaq.

Bununla bağlı "Yeni Müsavat"ın suallarını cavablandıran Milli Məclisin sədr müavini Bahar Muradova yayılan məlumatın əsassız olduğunu vurğuladı: "Şəxsən mən parlament rəhbərliyindəyəm. Hansısa planlaşdırılmış fəaliyyətdən söhbət gedə bilməz. 4 apreldə keçiriləcək iclasın gündəliyi açıqlanıb, gündəlikdə konkret məsələlər var, onlar müzakirə olunacaq. Planlaşdırılanlar bunlardır".

B.Muradova deyir ki, kimlərsə kiməsə qarşı fikir söyləyə bilər, bunlar ehtimallardır: "Biz heç vaxt ehtimallara şərh vermirik. Düşünmürəm ki, Azərbaycan parlamenti iş-gücünü atıb konkret şəxsə qarşı hansısa fikrinə görə planlaşdırılmış fəaliyyət düzənləsin. Bu, heç zaman olmayıb və heç zaman da olmayacaq. Kimsə kiminsə ünvanına tənqidi fikirlər səsləndirsə, o da ona cavab verirsə, bunun parlamentin ümumi işi ilə heç bir əlaqəsi yoxdur".

Maraqlıdır, vitse-spiker rektor deputatlarla bağlı İ.İsmayılovun dediklərinə haqq qazandırırmı? B.Muradova: "Hər kəs, o cümlədən millət vəkilləri özünün lazım bildiyi, vacib hesab etdiyi məsələ ilə əlaqədar fikrini ifadə edə bilər. Burda sərbəstlik, müstəqillik var, heç kəsə irad tutan yoxdur. Amma bu fikirlər də əlbəttə ki, qanun çərçivəsində deyilsə və arqumentlə, faktla əsaslandırılsa, daha yaxşıdır. Ona görə də mən bütün digər çıxışlara şərh vermədiyim kimi, konkret bu çıxışla bağlı da şərh vermək niyyətində deyiləm. Hər kəs, xüsusən də millət vəkilləri öz fikrini söyləməkdə azaddır. İndi kim ona nə cavab verəcək, bu, onların öz işidir".

AzNews.az