Nazir müavini: “Suriya müxalifəti İranla sərhəd ölkələrdən birində təlim keçir”

29 Avqust 2012 13:11 (UTC+04:00)
İran xarici İşlər Nazirliyi Suriyada qaçırılan iranlılar barədə açıqlama verib. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, İran Xarici İşlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Abdullaxian bildirib ki, Suriyada qaçırılan iranlıların hamısı sağdır. " Biz silahlı Suriya müxalifətinə və onları dəstəkləyən dövlətlərə sərt ismarıc göndərdik ki, onlar iranlıların həyatlarına görə məsuliyyət daşıyırlar". O, həmçinin bildirib ki, Suriya silahlı müxalifəti qaçırılan iranlılarla bağlı hər hansı tələb irəli sürməyib.

Hüseyn Əmir bölgəni qarışdıra biləcək daha bir açıqlama da verib. O, bildirib ki, Suriya müxalifəti İranla sərhəd olan ölkələrdən birində təlim keçir. Bununla belə o, ölkənin dəqiq adını açıqlamaqdan imtina edib.

Xatırladaq ki, Suriyada 48 iranlı avqustun əvvəlində oğurlanmışdı. İran onların zəvvar olduğunu iddia etsə də qarşı tərəf bu fikirlə razılaşmır və iddia edir ki, onlar İslam İnqilabı Keşikçiləri Korpusunun mücahidləridir.

Sadiq
AzNews.az