Rəisin işgəncəsinə görə intihara əl atan şəxs DANIŞDI

3 Aprel 2014 14:59 (UTC+04:00)
Polis rəisinin işgəncələrinə dözməyərək intihara əl atan Şərur sakini 1977-ci il təvəllüdlü Azər Quliyev AzNews.az-a danışıb. O, bildirib ki, yayılan xəbərlərin bir qismi düz olsa da, müəyyən "şişirtmələr" də var. A.Quliyevin sözlərinə görə, o iki gün Polis Şöbəsinin zirzəmisində saxlanılıb, amma işgəncə görməyib:

"Əxlaqı yerində olmayan bir qadınla problemim var idi. O, həyətimizə gəlir və ailəmdə problemlər yaradırdı. Bu səbəbdən rayon polis şöbəsinə müraciət etməli oldum. Qadını Şərur rayon polis rəisi Məmməd Hüseynov yanına çağıraraq tənbeh etdi. Buna baxmayaraq, o yenə mənim yaşadığım ünvana gələrək problem yaratmaq istədi. Həmin vaxt mən əsəblərimə yakim ola bilməyib, onu möhkəm döydüm. Bundan sonra onun şikayəti əsasında məni polisə apardılar.

Polis rəisi Məmməd Hüseynov iki gün şöbədə saxladı. Dedi ki, səni saxlamasaq, qadın sakitləşməyəcək. Yəni rəis nə etdisə, mənim xeyrim üçün etdi".

Yerigəlmişkən, Azər Quliyevin sözlərindən məlum olub ki, o məhkəmə qərarı olmadan iki gün polisdə saxlanılıb. Şərurdan aldığımız məlumata görə, o işgəncə altında saxlanlmasını və buna görə də intihara cəhd etməsini qorxusundan boyun almır:. Baxmayaraq ki, o, bu fikri də təkzib edib: "Mən nədəsə qorxub bu sözləri demirəm. Nə varsa onu deyirəm. Hazırda hər şey qaydasındadır".

Qeyd edək ki, İşgəncələrə görə intihar xəbərini bu gün müsavat.com saytı yayıb.

Həmin xəbəri təqdim edirik:

Naxçıvanda işgəncəyə məruz qalan Şərur sakini özünü asıb. Bu barədə "Yeni Müsavat"ın bölgədəki müxbiri Həkimeldostu Mehdiyevin məlumatına görə, Şərur sakini, 1977-ci il təvəllüdlü Quliyev Azər Adil oğlu üç gün rayon polisində saxlanılıb: "Azər Quliyevlə bir qadının tanışlığı olub. Onların münasibətində anlaşmazlıq yaranıb və mübahisə ediblər. Qadın Şərur rayon polis rəisi Məmməd Hüseynova şikayət edib.

Bundan sonra Azər Quliyevi polisə aparıblar və üç gün zirzəmidə saxlayıblar. Özünün dediyinə görə, ona olmazın işgəncələr verilib və sonra sərbəst buraxılıb. Aprelin 2-də buraxılan adam bu işgəncələrə dözməyərək intihara əl atıb. Ancaq özünü asmasından son anda xəbər tutan qonşuları imdada yetişiblər və onu ipdən alıb, həyatını xilas ediblər".

AzNews.az