“Yol polislər“i ilə bağlı yoxlamalara başlandı- VİDEO

4 Aprel 2014 09:05 (UTC+04:00)
Bakıda özünü yol polisi kimi təqdim edən mülki şəxsin sürücüləri saxlaması faktı ilə bağlı yoxlamalara başlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində artıq hadisə ilə əlaqədar yoxlama başlanılıb. Yoxlamalardan sonra hadisənin kim tərəfindən törədildiyi məlumolacaq. Bundan sonra fakta hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Sosial şəbəkələrdə Bakıda gecələr yol polisi adı altında sürücüləri saxlayaraq, onlara problemlər yaradan şəxslər barədə məlumatlar yayılıb. Məlumatlarla yanaşı, bu əməlləri təsdiqləyən video görüntülər də paylaşılıb.

Videodan görünür ki, mülki geyimli şəxs avtomobili saxlayır. O, özünü Səbail rayon yol polisi kimi təqdim edir. Mülki geyimli şəxs sürücüdən sənədlərini tələb edir. Daha sonra, sürücünü "kişisən?", "niyə qorxursan?" və s. kimi kəlmələrlə qıcıqlandırır. Sonradan mübahisə yaranır. Sürücünü sürüb qaçmaq istəyəndə isə yol polisi geyimində olan şəxs onu qovmağa başlayır.

Sosial şəbəkələrdə paylaşılan videoya şərh verilərkən bildirilir ki, həmin mülki geyimli şəxs yol polisi ilə əlbir olub, vətəndaşları avtomobil idarə edərkən qayda pozmağa təhrik edir.


AzNews.az