“Rusiya hər gün milyardlarla dollar itirir” – Politoloqun təhlili

4 Aprel 2014 10:06 (UTC+04:00)



Məlum olduğu kimi, ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaları dəstəkləyən fərman imzalayıb. Fərmana əsasən Ukraynadakı böhrana görə cavabdeh hesab olunan şəxslərə qarşı sanksiyalar dəstəklənəcək və Ukraynaya yardım göstəriləcək. Sözügedən qanun Ukraynaya 1 milyard dollar kreditin və 150 milyon dollar məbləğində dərhal yardımın ayrılmasını nəzərdə tutur. ABŞ prezidenti eyni zamanda Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb. Obamanın bu qərarını Amerika ilə Rusiya arasında rəsmən "soyuq müharibə"nin elan edilməsi kimi qəbul edilə bilərmi?

Politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında bildirib ki, indiki halda durum kifayət qədər mürəkkəbdir. Çünki əslində, "soyuq müharibə" bir dövlətlə dünyanın digər dövlətləri arasında olmur. Politoloq hesab edir ki, Rusiya əhəmiyyətinə və dünyada oynadığı rola görə əvvəlki qədər güclü deyil. "Bunu Rusiyanın dünyadan təcrid edilməsinin başlanğıcı kimi qiymətləndirmək daha düzgün olardı" - deyən Q.Hüseynlinin fikrincə, Obamanın imzaladığı fərmanı "Soyuq müharibə" adlandırmaqla Rusiyanı regional gücdən superdövlət səviyyəsinə qaldırmış oluruq: "Hələ ki, Rusiya dünyadan təcrid edilir. Növbəti mərhələdə Rusiyanın yerinə oturdulması və çökdürülməsi prosesi gələcək. Çünki Rusiya artıq dünyanı təhdid etməyə başlamışdı. Artıq onun planında daha çox əraziləri istila etmək və dünyaya meydan oxumaq məqamları var idi. Bu səbəbdən imzalanan sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbələr vuracaq. Artıq Rusiya hər gün milyardlarla dollar itirir, böyük şirkətlər ölkədən çıxır, ökəyə mühüm strateji məhsulların götürülməsi dayandırılıb".

Qabil Hüseynlinin qənaətinə görə, yay aylarında Rusiyanın durumu daha acınacaqlı olacaq: "Çünki hazırda Rusiya neftini və qazının satışında müşahidə edilən eniş yayda bir qədər də sürətlənəcək. Ona görə ki, Səudiyyə Ərəbistanı və İranın dünya bazarına daha çox neft çıxarmasıyla Rusiya neftinə və qazına tələbat kəskin surətdə aşağı düşəcək".
Bəs indiki halda Azərbaycan hansı mövqedə dayanmalıdır?
Q.Hüseynli hesab edir ki, Azərbaycanın Rusiyanı dəstəkləyəcək hər hansı addım atması yanlışlıq olardı. Çünki hazırda Rusiya neftindən və qazından imtina etməkdə olan Avropa Azərbaycana əlavə enerji mənbəyi kimi baxır.

İntiqam Valehoğlu
AzNews.az