Bakının bahalı liseyləri-Araşdırma

4 Aprel 2014 12:37 (UTC+04:00)
Yeni dərs ilinin başlanılmasına hələ xeyli müddət qalsa da, liseylərin əksəriyyətində artıq sənəd qəbuluna start verilib. Azərbaycanda orta təhsil pulsuz olsa da, danılmaz faktdır ki, son illər övladının daha yaxşı təhsil almasını istəyən valideynlər özəl təhsil sisteminə güvənərək ödənişli olsa belə pullu məktəblərə, liseylərə üz tuturlar. Movqe.az paytaxtda fəaliyyət göstətən özəl orta təhsil müəssisələrinin liseylərin qiymətləri ilə bağlı araşdırma aparıb.

Kiçik araşdırma sonucunda bəlli olub ki, paytaxtdakı özəl orta təhsil müəssisələri və liseylərin illik təhsil haqqı, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin illik təhsil haqqından dəfələrlə çoxdur.
Məsələn, "Baku International School"-da övladının təhsil almasını istəyən valideyn siniflərdən asılı olmayaraq bəri başdan 22 min 900 ABŞ dollarından keçməlidir. Məktəbdən bildiriblər ki, valideynin ödədiyi bu pula ancaq təhsil verilir. Məktəbdə yemək yemək şagird 3 manatdan-6 manatadək pul xərcləməlidir ki, günorta nahar etsin. Üstəlik ikitərəfli servis, yəni məktəbə aparıb-gətirmək xidmətindən yararlanmaq istəyənlər günə 10 manat avtobus üçün pul ödəməlidir. "The International School of Azerbaijan" məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarını məktəbə hazırlıq üçün 11 min ABŞ dollar məbləğində pul ödəməlidirlər. 1-ci sinfdə 9-ci sinfədək isə təhsil haqqı 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yixarı isə təhsil haqqı 40 min ABŞ dollarına yaxınlaşır. Bu fantastik məbləğə təhsil isə məktəb tərəfindən birbaşa məzunun bakalavr pilləsinə yiyələnməsi ilə əlaqələndirilir. Məşhur "Oxford məktəbi"ni Bakıda oxumaq istəyənlər isə 14-16 min manat pul ödəməlidirlər. Məktəbdən bildiriblər ki, burada orta təhsilin qiyməti 1-9-cu sinif üçün 14 min 500, 9-12 sinif üçün 16 min 500 manat təşkil edir. Bu xərcə servis, forma, dərsliklər, yemək də daxildir. Bakı Britaniya məktəbində isə təhsil haqqı təhsil metoduna uyğun dəyişir. Burada 1-6 siniflər üçün beynəlxalq təhsil istiqaməti üzrə illik qiymət 14 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Bu xərcə geyim, yemək daxildir. 6-12 siniflər üçün isə beynəlxalq istiqamət üzrə təhsil 15 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Yuxarı siniflərdə ödənişə yemək daxil deyil. Servis xidməti isə aylıq 150 manatdır.
Həmişə axtarışda olan insanlar axtardıqları təhsili "Evrika" təhsil müəssisəsində tapacaqlarına inanırlarsa, 5 min manatlarından keçməlidirlər. Burada məktəbə hazırlığın illik haqqı isə 3 min manatdır. Bu ödənişə 1 dəfə yemək, iki dəfə çay daxildir. Aylıq servis haqqı isə 100 manatdır. Avropa Azərbaycan məktəbində də övladının təhsil almasını arzulayanlar 10 min manata qədər pullarından keçməli olacaqlar. Çünki bu məktəbdə 1-4 siniflər üçün illik ödəniş 7 min, 5-9 siniflər üçün 7 min 500, 9-11 siniflər üçün isə 9 min manatdır. Ödənişə gündə 1 dəfə yemək də daxildir. Servis haqqı isə məsafədən asılı olaraq 60-120 manat arasında dəyişir. "Erudit" təhsil kompleksi adlanan ingilis təmayüllü tam ortaməktəbdə uşağına təhsil vermək istəyən valideynlər bunun üçün illik 5000 manat ödəniş etməlidirlər. Bu məbləğə yalnız təhsil və səhər, günorta yeməyi daxildir. Ali məktəblərə qəbul göstəricilərinə görə ön cərgədə qərarlaşan, az qala bütün məzunları yüksək balla tələbə adını qazanan özəl türk liseylərində uşaq oxutmaq da sən demə valideynlərə ucuz başa gəlmir. "Qafqaz İbtidai Gimnaziyası"nda 1-ci sinifdən 6 -cı sinifədək illik təhsil haqqı 7 min 350 manatdır. Bura dərslik, forma, yemək, dərnəklər daxildir. Servis haqqı üçün isə valideyn ayda 230 manatından keçməlidir. "Bakı Türk Liseyi"ndə illik ödəniş 8 min manat, üstəlik 250 manat servis haqqı, "Dədə Qorqud" liseyində isə 5550 manat və servis haqqı daxildir. Bu məbləğlərə forma, dərslik, məşğələ, dərnəklər,olimpiyadalara hazırlıq daxildir. Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi "Atatürk liseyi"dir ki, onun da illik təhsil haqqı 1500 manatdır. Bun məbləğə servis daxil deyil. Beləcə məlum olur ki, paytaxtdakı özəl orta təhsil müəssisələrinin əksəriyyərinin bir illik ödəniş haqqına bir tələbəni pullu məktəbdə oxudub qurtarmaq olar.

AzNews.az