Dünya alimləri Bakıya toplaşacaq

4 Aprel 2014 12:54 (UTC+04:00)
26 may 2014-cü il tarixindən etibarən Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO, Gənc tədqiqatçıların Avropa Şurası "Eurodoc" və Azərbaycan gənc alim, aspirant və magistrlər cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində "Bakı Dünya Alimlər Forumu" (Baku World Science Forum) keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 31 may tarixinədək davam edəcək forumun əsas məqsədi dünya gənc alimlərini bir araya gətirərək müxtəlif elmlərin nümayəndələri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinin inkişafına dəstək verilməsidir.

Foruma 100 ölkədən, 200 nəfər yerli iştirakçı da daxil olmaqla, 500 nəfərdən artıq iştirakçının qatılacağı gözlənilir.

Forumun əsas mövzusu kimi "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" elan edilmişdir. Forum çərçivəsində 5 istiqamət üzrə sessiyalar keçiriləcəkdir:

- Texniki sahələr: "Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi";
- Səhiyyə, biologiya və kimya: "Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər";
- Ekologiya, torpaq elmləri və kənd təsərrüfatı: "Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənnlərarası yanaşma";
- İqtisadiyyat və sosiologiya "İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi";
- Tarix, fəlsəfə, mədəniyyət "Müasir dünyada sosial və humanitar elmlərin problemləri".
"Bakı Dünya Alimlər Forumu"nda dünya şöhrətli alim və müxtəlif beynəlxalq mükafatların laureatlarının çıxışı gözlənilir. Forumda gənc alim və tədqiqatçılar iştirak edə bilərlər.
Qeyd edək ki, forumun işçi dili iniglis dili olacaq.
Müraciətlərin göndərilməsi üçün son tarix 15 aprel 2014-cü ildir.

AzNews.az