Qabil Hüseynli: “Riçard Morninqstarın əsas işi qaz ehtiyatlarını Avropaya ötürmək olacaq”

29 Avqust 2012 15:10 (UTC+04:00)
ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstar dünən Bakıya gəlib. Aeroportda jurnalistlərin suallarını cavablandıran səfir Azərbaycanda diplomatik missiyasını icra etməkdən məmnun olduğunu vurğulayıb.

İlk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini bildirən Riçard Morninqstar bu müddət ərzində vaxtaşırı ölkəmizə gəldiyini deyib. O, Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözlədiyini də vurğulayıb. ABŞ-ın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini söyləyən diplomat, yeni vəzifədə regionun, enerji sektorunun inkişafına və terrorçuluqla mübarizəyə dəstək verəcəyini qeyd edib.

Daha çox Ağ Evin iqtisadi siyasətinin icraçısı kimi tanınan Riçard Morninqstarın bütövlükdə ABŞ-Azərbaycan münasibətlərində hansı yeniliklərə imza atacağı maraq doğurur. Hələ prezident Barak Obama onu səfir təyin etdikdən dərhal sonra əksər siyasi ekspertlərin qənaəti bu oldu ki, Morninqstar əvvəlki missiyasının sürətlənməsinə xüsusi diqqət ayıracaq.

Siyasi şərhçi Qabil Hüseynli də sözügedən məsələni AzNews.az-a şərh edərkən deyib ki, R.Morninqstar həmişə enerji, neft, qaz məsələləri ilə məşğul olub. O, qeyd edib ki, yeni səfir bu təyinatından əvvəl müxtəlif administrasiyalarda Qafqazda enerji məsələlərini tənzimləyib: "Yəni o, neft maqnatları ilə əlaqədar olan bir şəxs kimi tanınıb. Düzdür, Morninqstar səfərdən əvvəl Azərbaycan administrasiyası, Azərbaycan siyasi rəhbərliyi ilə bundan əvvəlki səfirlər-Eskudero, Metyu Brayza kimi hansısa əlaqə qurmayacağını bəyan edib. Bu baxımdan da onun əsas diqqəti Xəzər dənizindən çıxarılacaq qaz ehtiyatlarının Avropa bazarlarına ötürülməsi məsələsi olacaq. Türkiyə ilə bu məsələdə ilkin razılaşma olsa da hələ ki, məsələnin digər istiqamətləri də diqqət mərkəzindədir. Amma Avropada alıcılar, qaz kəmərinin çəkilişi, maliyyə qaynaqlarının tapılması kimi məsələlər gündəmdədir".

Q.Hüseyinli hesab edir ki, səfir yəqin ki, Türkmənistanın da trasxəzər qaz kəməri layihəsinə qoşulması istiqamətində də səylərini artıracaq: "Xüsusilə də səfirin əsas diqqətini bu bölgənin karbohidrogen ehtiyatlarının Qərb dünyasının ehtiyatları üçün yönləndirilməsi təşkil edəcək. Eyni zamanda da yeni səfir Azərbaycanda demokratiya və insan haqları məsələsində də səylər göstərəcək, bu istiqamətdə fəaliyyət göstərməyə çalışacağını vəd edib. Bu sahədə Morninqstarın nə edəcəyi barədə isə konkret nəsə söyləyə bilmərəm".

Gültən
AzNews.az