Nazirlikdə “Qaynar xətt” biabırçılığı - Araşdırma

4 Aprel 2014 20:47 (UTC+04:00)
Binəqədi rayonu, Seyidzadə-29 ünvanında qeyri-qanuni stomatoloji mərkəz fəaliyyət göstərir.

Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, yaşayış binasında qanunsuz olaraq fəaliyyət göstərən stomatoloji mərkəzdə heç bir gigiyenik qaydalara riayət edilmir. Sakinlər bildirir ki, qeyd etdiyimiz ünvanda yerləşən binanın 2-ci blokunda birinci mərtəbədəki evin sahibi evinin bir otağını stomatoloji klinika kimi işlədir. Sakinlər gizli şəkildə işləyən stomotoloji kabinetin standartlara cavab verib-verməməsindən, Səhiyyə Nazirliyinin lisenziyası ilə işləyib-işləmədiyindən məlumatsızdırlar və burda baş verən hər hansı fəsada görə kimin məsuliyyət daşıyacağını öyrənmək istəyirlər. Vətəndaşları narahat edən əsas məqam isə son dövrlər dünyanın ən təhlükəli virusuna çevrilən Hepatit C-nin belə mərkəzlərdən yoluxma barədə nazirliyin açıqlamasıdır. Son dövrlər ölkəmizdə Hepatit C-yə yoluxma hallarının artdığını nəzərə alaraq, Səhiyyə Nazirliyi standartlara cavab verməyən və ya lisenziyasız fəaliyyət göstərən 300-dən artıq stomotoloji mərkəzi bağlayıb. Stomatoloqlar isə evlərinə çəkilərək, gizli şəkildə fəaliyyətlərini davam etdirməkdədirlər.

Səhiyyə Nazirliyi vətəndaşlardan yardım istəmişdi

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Axar.az"a açıqlamasında nazirliyin bu istiqamətdə tez-tez yoxlamalar apardığını bildirmişdi. Onun sözlərinə görə, araşdırmaların nəticəsi olaraq son vaxtlar Hepatit C virusuna yoluxma hallarında artım var: "Ancaq bunu qorxulu həddə çatması kimi qiymətləndirmək düzgün olmazdı. Nazirlik mütəmadi olaraq yoxlamalar keçirir. Gigiyenik qaydalara riayət etməyən bütün tibb müəssisələrində araşdırma aparılır. Bu virusun daha çox yayılma və yoluxma ehtimalı olan stomatoloji mərkəzlərin iş şəraiti daha çox yoxlanılır".
S.Əhmədovanın sözlərinə görə, gigiyenik qaydalara əməl edilməyən və ya lisenziyası olmayan belə mərkəzlər müəyyən edildikdə, onların fəaliyyətinə xitam verilir: "Cərimə tətbiq edilən yerlər də olur. Əgər fakt varsa ki, həmin mərkəzdə müayinə zamanı kimsə virusa yoluxub, sahibkara cinayət işi də açıla bilər".
Nazirlik sözçüsü qeyd edir ki, gigiyenik qaydalara riayət etməyən mərkəzlərin aşkar edilməsi ilə birbaşa nazirlik özü məşğul olur: "Bunun üçün polis orqanları ilə heç bir əməkdaşlıq edilmir və bu, nəzərdə tutulmayıb. Natəmiz şəraitdə işləyən və ya lisenziyası olmayan stomatoloji kabinetlərin fəaliyyəti qadağan edildikcə, ev şəraitində bu işlə məşğul olanların sayı artır. Bu, həm də vergidən yayınma deməkdir".
Nazirlik sözçüsü belə yerlərin aşkar edilməsində vətəndaşları diqqətli olmağa və nazirliyə yardım etməyə çağırmışdı.

"Qaynar xətt", yoxsa süründürməçiliyin yeni forması?

Nazirliyin bu müraciətini nəzərə alıb, sakinlərin narahatlığına aydınlıq gətirmək üçün Binəqədi rayonu Seyidzadə 29 ünvanında fəaliyyət göstərən diş kabinetinin qanuni və nəzarətdə olub-olmamasını öyrənmək istədik. İki gün ərzində Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən tapılmadı. Nazirliyin "Qaynar xətt" xidmətindən isə bildirdilər ki, belə bir kabinetin fəaliyyəti barədə daxil olan şikayəti Analitik şöbəyə təqdim ediblər və Analitik şöbədən bildirilib ki, şikayətçilər kollektiv imza ilə məktub hazırlayıb, Səhiyyə nazirliyinə verməlidirlər və yalnız bundan sonra şikayətin araşdırılması istiqamətində tədbirlərin görülməsi planlaşdırıla bilər.

Nazirliyin belə laqeydliyinin səbəbi nədir?

Sözügedən diş kabinetinin lisenziyasının olub-olmamasına gəldikdə isə nazirliyin Lisenziyalaşdırma şöbəsindən bildirdilər ki, sualımızla əlaqədar nazirliyə məktub ünvanlamalıyıq. Lisenziyalaşdırma şöbəsinin əməkdaşı qeyd etdi ki, əgər fəaliyyət göstərən stomatoloji kabinetin adı yoxdursa, bu onun lisensiyasız fəaliyyət göstərməsi deməkdir: "Sahibkar fiziki şəxsdirsə, girişdə diş kabinetinin adını qeyd etməyə də bilər. Ancaq ümumiyyətlə mərkəzin adı yoxdursa, bu onun qanunsuz olaraq fəaliyyət göstərməsi deməkdir".

Nəticə nədir?
Azərbaycanda Hepatit-C virusunun yayılma sürətindən narazılıq statistikaya əsaslanır: əgər normal ölkələrdə bu rəqəm 6 faizdə "kritik hədd" sayılırsa, Azərbaycanda bu rəqəmin ötən il keçirilən beynəlxalq konfransda 12 faiz olduğu bildirildi. Məhz bundan sonra Səhiyyə Nazirliyinin bu yöndə addımlarının şahidi olduq. Amma nəticə nədir? Səhiyyə Nazirliyinin müvafiq qurumları kampaniya naminə apardıqları 300 ədəd diş kabinetinin bağlanmasında sonra hansısa səbəbdən, həmin mərkəzlərdən ayrılan stomatoloqların arın-arxayın, bu dəfə isə vergidən də yayınmaqla, fəaliyyətinə "şikayət məktubu daxil olsun" kimi qeyri-ciddi reaksiya ilə şərait yaradır. Bəs, görəsən bu nazirlik "Qaynar xətt"i nə üçün yaradıb? Ona görə ki, insanlara "şikayətinizi kollektiv surətdə imzalı məktubla göndərin" deməkdən ötrü? "Qaynar xətt" qurumun mobil reaksiyasına xidmət əvəzinə, mənasız cavablarla bürokratizmin çiçəklənməsinə şərait yaradırsa, onda niyə bu xidmət yaradılır?

Qeyd edək ki, Azərbaycanın dövlət qurumlarında "Qaynar xətt" çox yüksək səviyyədə və operativ xidmət göstərir. Amma görünür, bu yüksək və operativlik Səhiyyə nazirliyinə qətiyyən aid deyil. (Axaraz)