ADP sədri: “Siyavuş Novruzovun dedikləri YAP fəlsəfəsinə uyğun deyil”

5 Aprel 2014 07:52 (UTC+04:00)


Dünən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında Ukrayna, xüsusilə Krım ətrafında baş verən hadisələrlə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, partiyanın və onun sədrinin Ukrayna ilə bağlı mövqeyi tam aydın ifadə olunub və hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb.

O əlavə edib ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, onlardan bir qrupu Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır: "Digər qrup Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə Krıma ara qarışdırmağa gedir. Sonradan isə sual olunur ki, İsmayıllı hadisələri niyə baş verdi? Qeyd etməliyəm ki, Krıma gedənlər elə İsmayıllıya da gedirdilər. Hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur".

Siyavuş Novruzovun bu fikirlərinə müxalifətdən reaksiya gəlib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzNews.az-a bildirib ki, iqtidarla müxalifətin ölkədə və dünyada gedən prosseslərə fərqli münasibət göstərməsində qeyri-adi heç nə yoxdur: "Təbii ki, iqtidar təmkinlə yüz ölçüb bir danışmalıdır. Müxalifət isə mümkün qədər xalqın, millətin maraqlarını radikal və daha qabarıq şəkildə ifadə etməlidir".

S. Cəlaloğlu əlavə edib ki, müxalifət hökumətin Ukrayna ilə bağlı BMT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda tutduğu mövqeyi alqışlayıb: "Hətta Pənah Hüseyn təklif edib ki, Ukrayna ilə bağlı Azərbaycanın mövqeyinə görə, Rusiya tərəfindən dövlət təzyiqlə üzləşərsə, iqtidar-müxalifət milli dirəniş yaradaq özümüzü müdafiə etməliyik".

S. Cəlaloğlu bildirib ki, bundan başqa rəsmi Rusiyanın öyrədilmiş adamı olan Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski davamlı olaraq, Azərbaycan dövlətini və xalqını təhqir edir. Həmçinin, MDB üzvü olan Rusiya Qarabağ münaqişəsində Ermənistanı müdafiə edir və bunun ardınca Ukraynanın ərazisin işğal edir:
"Bu baxımdan da müxalifət düşünür ki, MDB-dən çıxmaq lazımdır. Çünki artıq digər MDB ölkələri kimi Azərbaycan da bu qurumdan çıxmaq haqqında düşünməlidir".
ADP sədri Siyavuş Novruzovun "Krıma ara qarışdırmağa gedənlər İsmayıllıya gedənlərdir" fikrinə isə belə cavab verib:
"Bu tamamilə yanlış bir fikirdir. Biz bilirik ki, İsmayıllı hadisələrinin törədilməsində müxalifət nümayəndələrinin heç bir günahı yoxdur. O vaxtı da İlqar Məmmədov və Tofiq Yaqublunun bu hadisələr olan zaman oraya getməsinin də əleyhinə idim. Çünki bildirik ki, o iğtişaşlar tamam başqa qüvvələr tərəfindən törədilib. Müxalifətin sözügedən iğtişaşlara xalq hərəkatı donu geyindirmək və yaxud həmin hərəkatı demokratik qüvvələrin aktivliyi kimi təqdim etmək kimi fikirləri də tamamilə yanlışdır. Bəzi siyasi qüvvələr sadəcə olaraq yaranmış situasiyadan bəhrələnmək istəyirdilər. Bu cür yanaşma da hər zaman da uğurlu olmur".

O qeyd edib ki, bu gün müxalifətçinin Kırıma getməsinə və yaxudda harasa getməsinə məhdudiyyət qoyula bilməz: "Hətta bu gün Suriyada azərbaycanlılar vuruşur. Görünür, Siyavuş Novruzovun bu məsələlərdən də xəbəri yoxdur. Nəyə görə, əsrin əvvələrində Osmanlı-türk qoşunları Azərbaycanı erməni-rus qırğınlarından müdafiə etdi? İndi fəxrlə deyirik ki, türklər bizim qardaşımızdır. İndidə də Kırım türkləri müəyyən qədər siyasi təzyiqlərə məruz qalıb. Azərbaycan müxalifəti bununla bağlı bəyanat da verib, lazım gəlsə gedib onların yanında olmaqla da ifadə edə bilər. Məsələn, Kiyevdə keçirilən mitinqlərdə İsa Qəmbər çıxış etdi. Mənim də imkanım olsaydı orada çıxış edərdim. Bunların heç biri Rusiyanı qıcıqlandırmır. Rusiya gəlib bizim ərazimizi işğal edib ermənilərə verib. Məgər, onda biz Rusiyanı qıcıqlandırmışdıq? Onsuz da Rusiya Azərbaycanın müstəqilliyi ilə barışa bilmir. Siyavuş Novruzovun çıxışından isə belə çıxır ki, Rusiyanın adını Azərbaycanda heç kəs çəkməsin və şimal qonşumuz öz bildiyini etsin. Rus siyasətçiləri isə Azərbaycan dövlətini və xalqını təhqir etsin. Bu baxımdan da Siyavuş Novruzovun dediklərin heç bir əsası yoxdur".

S. Cəlaloğlu YAP funksionerini sərt tənqid də edib: "Siyavuş Novruzov görür ki, boşluq var danışan yoxdur, başlayır öz təfəkkürü ilə danışmağa. Danışanda da həmmişə səhv buraxır.

O yanlış düşünür və fikirləşir. Onun danışdıqları nə iqtidar fəlsəfəsinə uyğundur, nə də müxalifət ".

Azər
AzNews.az