Nazir müavini insan alveri qurbanlarının sayını açıqladı

5 Aprel 2014 10:36 (UTC+04:00)
Milli Məclisin dünənki iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.


Məlumatı təqdim edən daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrdə təhlükəli transmilli təhdidlərdən biri olaraq qalmaqdadır. Bu problem minimal risklə yüksək gəlir gətirən qlobal cinayətkar biznesə çevrilib. Nazir müavinin sözlərinə görə, Azərbaycanda bu kimi cinayətkarlığa qarşı hüquqi müstəvidə mübarizə aparılır. Son 10 ildə bu sahədə bir çox nailiyyətlər əldə olununub:

"Ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla, bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında mədəni-kütləvi tədbirlər, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın məktəblərini, litseylərini, kollec və uşaq evlərini əhatə edib". Vilayət Eyvazov diqqətə çatdırıb ki, Azərbaycanda son 10 il ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilib: "Bu əməllərə görə, 385 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinin qurbanı olan 529 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. Ötən il Azərbaycanda həyata keçirilən əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanmış, bu cinayətlərə görə 14-ü qadın və 3-ü kişi olmaqla, 17 nəfər cinayət məsuliyyətinə cəlb olunub".

Nazir müavini bildirib ki, insan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 şəxsdən 5-i tutularaq istintaq orqanlarına təqdim edilib. Müəyyən olunan 56 qurbandan 41-i qadın, 15-i kişi olmuşdur ki, onlardan da 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb.

AzNews.az