Terror təhdidi ilə seçki: 8 namizəd, 12 milyon seçici, 350 min polis

5 Aprel 2014 18:16 (UTC+04:00)
Bu gün yerli vaxtla saat 15.00-a qədər Əfqanıstanda keçirilən seçkilərdə əhalinin təxminən 62 faizi səsvermədə iştirak edib.


Bu barədə Lent.az-ın Kabilə ezam olunmuş əməkdaşı Səbuhi Məmmədliyə Əfqanıstanın Müstəqil Seçki Komitəsindən (MSK) məlumat verilib. Səbuhi Məmmədlinin verdiyi məlumata görə, 6500 seçki məntəqəsində 12 milyondan çox seçici səs verməlidir: "Biz hazırda Kabildə seçkiləri izləyirik. Kabilin mərkəzindəki Zarune Qız liseyində olduq. Seçki aktivliyi həddindən artıq yüksəkdir. Liseydə 6 məntəqə vardı. İnsanlar sərbəst şəkildə öz iradələrini ifadə edə bilirdilər. Amma bununla belə, istər bu məntəqə, istərsə də Kabildəki digər seçki məntəqələri, habelə şəhərin hər tərəfi silahlı əsgərlər tərəfindən sanki mühasirəyə alınıb. Çox böyük təhlükəsizlik tədbirləri görülür. Əslində bu da səbəbsiz deyil. Çünki Taliban neçə vaxtdır seçkini pozmaqla hədələyirdi. Hədələrlə baxmayaraq, hələ ki, ölkə ərazisində ciddi insident qeydə alınmayıb. Təkcə Loqman şəhərində terror aktı olub ki, nəticədə 4 nəfər yaralanıb. Vardak şəhərində isə seçki məntəqəsinə silahlı basqın olub, lakin basqın itkisiz ötüşüb. Bu arada onu da qeyd edək ki, Əfqanıstan DİN-dən verilən məlumata görə, seçkilərin təhlükəsizliyini 350 min polis və hərbçi qoruyur".

Əməkdaşımızın dediyinə görə, MSK hələ ki, ciddi qanun pozuntusu qeydə almayıb: "Bir qədər əvvəl prezidentliyə əsas namizəd Əşrəfqani Ahmatzayın seçki qərargahında olduq. Oradan bildirdilər ki, bəzi əyalətlərdə kiçik insidentləri nəzərə almasaq, hələ ki, qanun pozuntusu yoxdur. Amma hər şey seçkidən sonra, səslərin sayılması zamanı baş verə bilər. Səslərin sayılmasına isə sabah tezdən başlanılacaq. Məlumata görə, seçkinin ilkin nəticələri mayın sonlarında bəlli olacaq. 50 faizdən çox səs toplayan şəxs dövlət başçısı seçiləcək".

Yerli jurnalist Cavid Çayanını əməkdaşımıza dediyinə görə, mübarizə Əşrəfqani Ahmatzay, Abdullar Abdulla, Zalmay Rəsul arasında gedəcək: "Böyük ehtimalla, ikinci tur olacaq. İkinci tur may ayının 28-nə nəzərə tutulub". Bəs səslərin bu qədər gec sayılmasının səbəbi nədir? Həmkarımızın dediyinə görə, Əfqanıstanda minlərlə dağ kəndi var ki, orda nəinki internet, hətta elektrik enerjisi yoxdur. Ordakı seçki bülletenlərinin əvvəl vilayət mərkəzinə, oradan da Kabilə daşınması vaxt aparacaq. Dağ kəndlərindən seçki bülletenlərinin daşınması üçün isə hökumət 2700 eşşək də ayırıb. Çünki həmin kəndlərə yol belə yoxdur. Bu səbəbdən seçki bu qədər uzanacaq".

Bu arada səsvermənin ən zəif olduğu vilayətlər də məlum olub. Ən az aktivlik Qəndəhar, Xost və Helmenddədir. Məhz bu vilayətlərdə Talibanın mövqeləri möhkəm olduğundan insanlar təhdid altında səsverməyə getməyə həvəsli deyillər. Ən böyük aktivlik isə Kabildə və ölkənin şimalında - Məzari Şərif, Şibirqan, Bəlx və Pərvan vilayətlərindədir.

AzNews.az