Polis idarəsindəki nöqsanlarla bağlı DİN-ə müraciət edildi

7 Aprel 2014 14:57 (UTC+04:00)
Müvəqqəti saxlama yerlərinə və polis bölmələrinə başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Nizami Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma yerinə (MSY), həmin idarənin 23, 24 və 25-ci polis bölmələrinə, Xətai RPİ-nin MSY-nə, həmin idarənin 37-ci polis bölməsinə başçəkmələr həyata keçirilib.

Başçəkmələrin məqsədi saxlanılma şəraitinin, saxlanılan şəxslərlə rəftarın, müvafiq sənədləşmənin, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin araşdırılması olub.

Qrupun üzvləri başçəkmələr zamanı adıçəkilən müəssisələrdə saxlanılma şəraitini öyrənib, saxlanılan şəxslərin şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qəbul olunmuş şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

Adıçəkilən MSY-lər standartlara cavab versə də, Nizami RPİ-nin MSY-də saxlanılan bəzi şəxslərin istintaq təcridxanalarına vaxtında köçürülməməsi, eləcə də sənədləşmədə aşkarlanmış bir sıra nöqsanlarla əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunub.

AzNews.az