Elxan Ocaqov Nəriman Həsənzadəni tənqid etdi

30 Avqust 2012 08:25 (UTC+04:00)

"Mən Nəriman Həsənzadənin fikirlərinə hörmətlə yanaşıram. İstər mətbuatda, istərsə də telekanallarda söz verilən, tribunaya çıxan insanlarda qəribə bir tendensiya yaranıb. Teatr sənətini bilməyən, bu sahənin içərisində olmayan, bəlkə də illərlə teatrların qapısından içəri girməyən insanlar bununla bağlı fikir, münasibət bildirirlər. Ən dəhşətlisi də budur. Məncə teatr sənətindən o, adamlar danışmalıdır ki, onlar ömürlərini bu sənətin yolunda fəda etsinlər, səhnələrdə əzablarla yanaşı uğurlarla qarşılaşsınlar".

Bunu AzNews.az-a açıqlamasında Musiqili Komediya Teatrının direktor müavini, əməkdar mədəniyyət işcisi Elxan Ocaqov bildirdi.

E.Ocaqovun sözlərinə görə, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yarandığı gündən üzu bu yana heç bir zaman tamaşaçı problemi ilə qarşılaşmayıb. Teatrın tamaşaçılarının həmişə bol olduğunu deyən direktor müavini illərini verdiyi sənət ocağının ünvanına deyilən iradla razılaşmadı: "Musiqili Komediya Teatrının tamaşaçıları həmişə bol olub. Elə bir tamaşamız yoxdur ki, anşlaqla keçməsin. "Tamaşaçı gəlmir" sözünü teatrların hamısına şamil etmək olmaz. Yaxşı olar ki, bunu deyənlər teatrların adlarını da hallandırsınlar. Mən bu teatrada can qoymuşam. Əlbəttə ki, işlədiyim teatrın ünvanına belə sözlər deyiləndə bununla razılaşmaram".

Qeyt edək, xalq şairi Nəriman Həsənzadə internet portallarının birində teatr mühitinin olmadığı, teatrlarımıza tamaşaçı axınının zəifliyindən söhbət açıb.

Bahar Rüstəmli
AzNews.az