Əsəd Əsədov: “Cəmil Quliyevin dedikləri cəfəngiyatdır”

30 Avqust 2012 08:35 (UTC+04:00)
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev internet portallarının birinə verdiyi müsahibədə xaricdə əsl kinematoqrafçıların onu çox yaxşı tanıdıqlarını ve yeni yaranan qurumun genişləndiyini deyib. O, həmçinin xaricdə yalnız Rüstəm İbrahimbəyovun tanındığı barədə deyilənlərə etirazını bildirib.

Bu aşıqlamaya münasibət bildirən Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat katibi Əsəd Əsədov AzNews.az-a açıqlamasında belə dedi: "Xarici ölkələrdə Azərbaycan kinosu, Azərbaycan rejissoru deyiləndə, əlbəttə ki, ilk növbədə Rüstəm İbrahimbəyov yada düşür. Onun ardınca Rasim Balayev, Eldar Quliyev, Oqtay Mirqasımov, Allah rəhmət eləsin Rasim Ocaqov, Həsən Seyidbəyli kimi rejissorlar xarici ölkələrdə filmləri ilə tanınır. Amma Cəmil müəllim nə işlə məşğuldur, xarici ölkələrdə xarici rejissorlardan onu kim tanıyır, nələr edir? Bunu bilmirəm. "Gücümüz artmaqdadır" sözünü ümumiyyətlə, anlamıram. Gündə bir şey eşidirəm. Bəzən çaşıb qalıram. Cəfəngiyat danışmaq lazım deyil".

Ə.Əsədovun fikirincə, əsl kino işçisi öz sənətini sözdə deyil, ekranda göstərməlidir: "Rejissorun sənəti onun filmidir. O, film çəkib ekrana verməlidir. Söz üçün xüsusi peşə sahibləri var. Sözlə mübarizə kino işçilərinə aid deyil. Əgər hansısa bir kino xadimi öz sənətini ekranda tamaşaçıya çatdıra bilmirsə, o zaman danışmağa da dəyməz. Cəmil Quliyev axır vaxtlar danışığı ilə daha da məşhurlaşıb. Amma arzu edərdik ki, o, daha çox ekran əsərləri ilə məşhurlaşsın".

Bahar Rüstəmli
AzNews.az