Ərdoğan Türkiyədəki prezident seçkilərindən danışdı

8 Aprel 2014 10:51 (UTC+04:00)
Türkiyədə keçiriləcək prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edəcək və ondan sonra ölkədə hər şey dəyişəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı "Milliyyət" qəzeti yayıb.

Onun sözlərinə görə, prezident seçkilərində xalqla sıx əlaqələrə malik olan şəxslər namizəd olmalıdırlar.

Qəzetin yazdığına görə, Ərdoğan seçkilərdə hakim partiyanın namizədinin adını açıqlamayıb.

Bu gün hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Əli Şahin bildirib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gül Baş nazir postunu tuta bilər. Onun sözlərinə görə, Prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir.

Dünən AKP Təsisçilər Şurasının üzvü Salih Kapusuz bəyan edib ki, Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülə bilər. Trend-in məlumatına görə, bu barədə S.Kapusuz "TRT Haber"-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri Baş nazirin prezidentliyə layiqli namizəd olduğunu göstərdi.

Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.

AzNews.az