Tədris ilinin müddəti niyə uzadılır?- SƏBƏB

8 Aprel 2014 11:15 (UTC+04:00)
Təhsil Nazirliyi Azərbaycanda tədris ilinin müddətinin hansı səbəblərlə əlaqədar iyun ayında dərslərin keçirilməsi hesabına artırılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Trend xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda istirahət və bayram günləri, eləcə də tətil günləri nəzərə alınmadıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir. Buna görə də şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər. Amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir:
"Mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, bizim məktəblilər təhsil ilindən o qədər uzaq qalmasınlar. Tədris həftələrinin çox olması şagirdlərin tədrisə tez uyğunlaşmasına şərait yaradacaq".

Qeyd edək ki, Hazırda Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır və mayın 31-də yekunlaşır. Növbəti tədris ilindən isə Azərbaycanda tədris ilinin müddətinin uzadılması nəzərdə tutulur. Tədris ilinin iyunda 3 akademik həftənin əlavə edilməsi hesabına uzadılacağı gözlənilir.

AzNews.az