Hava küləkli və yağıntılı olacaq

8 Aprel 2014 11:25 (UTC+04:00)
Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitinin küləkli və yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

AzNews.az