Ukraynadakı tələbələrimizin həyatı təhlükədə - İşbazlar pul qazanır

8 Aprel 2014 15:35 (UTC+04:00)
Bu gün Ukrayna vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üzləşib. Hakimiyyət dəyişikliyindən sonra Rusiyanın müdaxiləsi ilə Krımı itirən Ukrayna, hazırda ölkənin cənub-şərq vilayətlərindəki vəziyyəti də stabilləşdirməyə çətinlik çəkir. Respublikanın Donetsk, Xarkov və Luqansk şəhərlərində yaşayan rusyameyilli qüvvələr təşkilatlanaraq, Ukraynadan ayrılmaq şüarları səsləndirir. Hətta, bir qədər də uzağa gedərək, Rusiyameylli separatçılar qondarma "Donetsk Xalq Respublikası" və "Xarkov Xalq Respublikası" yaratdıqlarını da elan ediblər. Vəziyyətin bu həddə gəlib çatması Azərbaycanda da narahatlıqla izlənilir. Həmin vilayətlərdə bu cür hadisələrin baş verdiyi dövrdə isə Azərbaycanda bəzi işbazların pul qazanmaq məqsədi ilə gəncləri şirinkləndirərək sözügedən ölkəyə ali təhsil almağa göndərir. Məsələn, Ukraynanın Xarkov şəhərinə tələbə qəbulu ilə bağlı elanda bildirilib: "Xarkov Milli İqtisad Universitetinə sənəd qəbulu elan olunur. Xarkov Dövlət İqtisad Universiteti dövlət kadrlarının hazırlanması və onların təkminləşdirilməsi üzrə əsas regional mərkəz sayılır. Əziz abituriyent, sizi Xarkov Dövlət İqtisad Universitetində təhsil almağa dəvət edirik. Şirkət xərci 1000 manat ! Yerler məhduddur!!! Şirkət xərcinə daxildir: universittdən dəvətnamənin alınması, qarşılanma,yerleşdirilmə,qəbul!"

Ukraynada ali təhsilin təşkilini həyata keçirən şirkətin nümayəndəsi Süleyman Ağakişiyev AzNews.az-a bildirib ki, təmsil etdiyi qurum tərəfindən Ukraynanın digər ali təhsil müəssisələri ilə yanaşı Xarkovdakı universitetlərə də sənəd qəbulu başlayıb. O əlavə edib ki, onlarda olan məlumata görə, Xarkovda 10 mindən çox azərbaycanlı tələbə təhsil alır. Şirkət nümayəndəsi bildirib ki, Xarkovda baş verənlərə baxmayaraq, azərbaycanlı abuturientlərin təhlükəsizliyinə zəmanət verilir: "Xarkovda baş verən hadisələri Ukrayna hökuməti sakitləşdirib. Sözü gedən dövlətin təhsil nazirliyinin bizə ayırdığı müəyyən yerlər dolduqdan sonra qəbul dayandırılacaq. Hazırda şirkətimiz tərəfindən Xarkovun 32 dövlət universitetinə qəbul həyata keçirilir. Qəbul zamanı əsas iki sənəd orta təhsil haqqında attestat və xarici pasport tələb olunur".

***
Bu arada Ukraynada yaşanan gərginliklərlə bağlı Təhsil Nazirliyi Kiyevdə və Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə bağlı açıqlama da verib. Nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda Ukraynada Azərbaycan Prezidentinin təsdiq etdiyi "2007/2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində heç bir azərbaycanlı tələbə təhsil almır:

"Hansısa şirkətlərin təşəbbüsü ilə Ukraynada təhsil alan azərbaycanlı gənclərlə bağlı problemin olub-olmaması barədə isə bizə heç bir məlumat daxil olmayıb. Ümumilikdə say etibarı ilə də Ukraynada nə qədər Azərbaycanlının təhsil alması haqqında da bizdə məlumat yoxdur".

***
Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilov bildirib ki, özəl şirkətlərin gəncləri təhsil almağa xaricə göndərməsi düzgün deyil:

"Şirkətlər müəyyən qədər vəsait əldə etməklə gənclərimizi xaricə təhsil almağa göndərir. Amma hər hansı bir problem baş verdikdə geri çəkilirlər. Sonradan da valideyinlər əziyyət çəkirlər. Mənim nazir olduğun dövrdə də bu cür hadisə baş verib. Bir vaxt 50 nəfər gəncimizi təhsil almaq üçün Türkiyəninin müxtəlif universitetlərinə göndərilmişdi. Təhsil Nazirliyinə Türkiyədə özəl şirkətlərdən biri bütün bu tələbələrin təhsillə bağlı problemlərinin həll edilməsini öz üzərinə götürmüşdü. Sonradan məlum oldu ki, yalandır və onları yerləşdirənə kimi çox zülüm çəkdik. Yəni demək istəyirəm ki, özəl şirkətlər öz işlərin görüb pulunu qazanırlar və onları gənclərimizin təhsili maraqlandırmır".

Amid Əyyuboğlu
AzNews.az