QMİ - dən halal məhsullarla bağlı - Açıqlama

8 Aprel 2014 18:07 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) uzun müddətdir ictimai maraq kəsb edən, sosial sifariş xarakteri daşıyan qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini bildirib.

AzNews.az QMİ-nin rəsmi saytına istinadən xəbər verir ki, məlumatda deyilir: "Biz hüquqi, dünyəvi dövlətdə yaşayırıq və bütün məsələlərdə olduğu kimi, istehsal standartları ilə bağlı məsələdə də dövlət tərəfindən müəyyən edilmiş normativlərin mövcudluğunu qəbul edirik. Biz onun da fərqindəyik ki, istehsal prosesinin bu və ya digər texnoloji şərtlərə müvafiq qurulması, keyfiyyətə nəzarət, sanitar-gigiyenik şərtlərə əməl olunması, baytarlıq nəzarəti - bir sözlə, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə nəzarət birbaşa müvafiq dövlət strukturlarının səlahiyyətindədir. Dövlət qurumlarının hər hansı funksiyasına müdaxilə etmək məramından uzaq olduğumuzdan, halal məsələsi ilə bağlı vacib şəri məqamları Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmaq istəyirik. İlk növbədə, onu qeyd etmək istərdik ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır. Məlumat üçün bildirək ki, digər səmavi dinlərin də qida məhsulları ilə bağlı müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini mərkəzlər tərəfindən təsbit olunur. Məsələn, yəhudilər üçün halal sayılan koşer məhsullarının dini tələbatlara uyğunluğunu məhz yəhudi sinaqoqları təsdiqləyir. Oxşar qaydada Rus Pravoslav kilsəsi müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu hallarda, dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii yanaşılır. Hətta xristianların üstünlük təşkil etdiyi ölkələrdə belə müsəlmanların hüquqlarının təmini kontekstində bu məsələ yalnız müsəlman dini qurumlar tərəfindən həyata keçirilir". Qeyd olunur ki, ümumən, dünyanın bir çox ölkələrində halal qida sənayesi mövcuddur ki, onun fəaliyyəti heç də təkcə ət məhsulları ilə məhdudlaşmır, bütövlükdə ərzaq və digər istehlak mallarının istehsal və emalı zamanı müsəlmanlar üçün qeyri-məqbul komponent və üsullardan istifadə olunmadığına dair zəmanəti təmin edir. Bu, müxtəlif ölkələrdə əhalinin müsəlman kəsiminin insan hüquqları kontekstində təsbit olunmuş dini etiqad azadlıqlarının təmininə xidmət edir. Dünyanın bir çox ölkələrində bu məsələ öz həllini dini mərkəzlərin tövsiyə və təklifləri əsasında dövlət səviyyəsində tapmışdır. Bir çox müsəlman ölkələrində bu növ məhsullar istehsal və istehlak olunur və bu, heç kəsdə nəinki şübhə yaratmır, hətta məntiqlə təqdir olunur: "İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının dini mərkəzi kimi, müsəlmanlarımızın istehlak etdikləri məhsulların halallıq məfhumuna uyğun gəlməsinin tərəfimizdən təsdiq olunması mövcud qanunvericiliyə zidd deyil. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə əsasən, idarə Qurani-Kərimin tələb və müddəalarına, Peyğəmbər (S) hədislərinə istinadən İslam dininə aid bütün şəri məsələləri təmin edir. Eyni zamanda, digər şəri məsələlərdə olduğu kimi, halallığın təsdiq olunması ilə bağlı müsəlmanların QMİ-yə müraciətlərinə münasibət bildirilmək bizim vəzifəmizdir. Bu, bizim mənəvi borcumuz, ölkə müsəlmanlarına mənəvi xidmətimizdir. QMİ dini mərkəz olaraq, müsəlman həmvətənlərimizin istehlakçı olaraq şəri baxımdan maraq və mənafelərinin qorunması məsələsinə böyük məsuliyyətlə yanaşır. Çünki bizim üçün önəmli olan bu məhsulların istehlakçısı olan müsəlmanların haqqıdır. Hesab edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin halal adı ilə məhsul istehsal edərək insanları aldadan, dindarlar üçün həssaslıq kəsb edən məsələdən sui-istifadə edən işbazların fəaliyyətinin qarşısını almaq yönündə fəaliyyəti olduqca əhəmiyyətli və vacibdir. Lakin sırf şəri məqam olan halallığın dini mərkəzlə razılaşdırılmamış şəkildə təmin edilməsinin istehsal edilən məhsulların həqiqi halallığını şübhə altına almasını və müsəlmanların haqlı narazılıqlarına gətirib çıxarmasını məqbul saymırıq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan Halal standartının da dünyəvi beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə alan müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir, narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq gətirməyimizi tələb edirlər. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununun 1-ci maddəsinə görə əcnəbilər tərəfindən dini təbliğat aparılması qadağandır, xarici dövlətlərdə hazırlanmış bu və ya digər standartların, qayda-qanunların Azərbaycanda tətbiqi müstəqil dövlətimizin mənəvi məkanına müdaxilə kimi nəzərdən keçirilməlidir. Bu minvalla, gələcəkdə digər sahələrdə də müxtəlif dövlət və təşkilatların təsbit etdiyi, fətva və ya şəri hökm qismində ölkəmizdə tətbiqi vacib kimi təqdim olunan başqa məqamlarla bağlı fəsadlı presedent yarana bilər. Şükürlər olsun ki, müstəqillik illəri ərzində özünün milli-mənəvi dəyərlərinə sahib çıxan dövlətimizdə vətəndaşlarımızın dini tələbatlarının ödənilməsi üçün bütün imkanlar mövcuddur. Belə bir halda, ölkəmizin müvafiq dövlət strukturları ilə dini mərkəzin əməkdaşlığı şəraitində Azərbaycanın halal zəmanətli məhsullar istehsal etmək imkanları da mövcuddur və bunun reallaşdırılması mümkündür". QMİ dövlətimizin ali qanunu - Konstitusiyamızın 18-ci maddəsində təsbit olunmuş "Din dövlətdən ayrıdır" müddəasını rəhbər tutaraq, dövlətə dair məsələlərə müdaxilə etmədən, şəri məsələlərə dövlətin aidiyyətinin olmadığını nəzərə alaraq, bir daha bəyan edir ki, istehlak məhsullarına halallıq zəmanəti verilməsi prosesində dini mərkəzin iştirakı, rəyi vacib və labüddür: "Bu işdə müvafiq dövlət qurumu ilə dini mərkəzin müştərək fəaliyyəti, nəticə etibarilə, müsəlman istehlakçıların tələbatının yüksək səviyyədə və etibarlı təminatı işinə xidmət edəcəkdir, inşallah. Gələcəkdə belə məhsulların Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununun 22-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməsi də məqbul olardı". İdarə bununla bağlı rəy və təkliflərini 08.02.2011-ci il tarixli 1/58 saylı məktubunda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi şəkildə çatdırıb.


AzNews.az