Nazirin paylatdırdığı kartlar – Dəqiq say

9 Aprel 2014 08:18 (UTC+04:00)
Bakıda ictimai nəqliyyatda gediş haqlarının ödənişi üçün 10 minə yaxın kart satılıb.

Bu barədə məlumatı AzNews.az-a Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov verib. N. Həsənov deyib ki, onlardan 5 mini artıq sərnişinlər tərəfindən istifadə olunur: "Kartdan istifadəyə maraq artmaqdadır. Əvvəllər sürücülər sərnişinlərə gediş haqqı üçün kartdan deyil, nağd pulla ödəniş etməyi məcbur edirdilərsə, aparılan maarifləndirmə işlərindən sonra bu cür hallara son qoyulub. Hazırda sürücülərdə başa düşür ki, kartı olan vətədaşdan pul istəmək olmaz".
Nazirlik rəsmisi onu da deyib ki, bu günədək kart sisteminin tətbiqi üçün 40 marşrut xətti üzrə avtobusa xüsusi aparatlar quraşdırılıb: "Yay mövsümünə qədər daha 30 marşrut xətti üzrə də kartın tətbiqi nəzərdə tutulub. Bakıda keçiriləcək Avropa Oyunlarına kimi bütün avtobuslarda kart sistemi tətbiq olunacaq".

Xatırladaq ki, kartların qiyməti 3 manatdır. Bunun 2 manatı sığorta depozitidir, 1 manatı isə balansa yüklənilir. "MasterCard" bazasında "Bank of Azerbaijan" tərəfindən buraxılan kart köşklərdə satılır. Hazırda 450 min kart satışa çıxarılıb. Balans da adıçəkilən bankda və ya xüsusi loqotipi olan satış nöqtələrində artırmaq olar.

Amid Əyyuboğlu
AzNews.az