Nazirlik kütləvi yürüş keçirəcək

9 Aprel 2014 08:52 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə 03-11 may 2014-cü il tarixlərində kütləvi yürüş təşkil edəcək.

Nazirlikdən daxil olan xəbərə görə, bununla bağlı təşkilati məsələləri yüksək səviyyədə həyata keçirmək, düşərgə salmaq, yürüş marşrutunu müəyyənləşdirmək, müvafiq əraziləri və yürüş iştirakçılarını təchizatlandırmaq, ən əsası isə çətin relyef və iqlim şəraitinə malik olan ərazilərdə insanların təhlükəsizliyini təmin etmək və riskləri minimuma endirmək, o cümlədən yürüşlərin mütəşəkkilliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Əmri ilə Təşkilat Komitəsi yaradılıb. Düşərgənin qurulmasında, idman avadanlıqlarının təchizində isə ayrı-ayrı təşkilatlar və FAİREX Qərərgaha dəstək verir.

ETSN-nin müvafiq əmri ilə "Heydər zirvəsi"nə gedən müvafiq marşrut üzrə təşkil olunacaq kütləvi yürüşün iştirakçıları birdəfəlik giriş haqqından azad edilib. Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılar, eyni zamanda hüquqi şəxslər 01 may 2014-cü il tarixədək Qərərgaha müraciət etməlidirlər. Sənədlər yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün əvvəl təqdim olunmalıdır. Yürüşlə bağlı bütün məlumatları isə onlayn və ya alternativ vasitələrin köməyi ilə Qərərgahın Məlumat Xidmətindən almaq mümkündür (Qərərgahın ünvanı: Şabran rayonu Şahdağ Milli Parkının Baş Ofisi, tel: (+994)-23-353-66-63, (+994)-55-243-60-30, fax: (+994)-23-353-66-63, e-mail: heyderzirvesi2014@gmail.com, Skype: heyderzirvesi2014, Facebook: heyderzirvesi və ya https://www.facebook.com/shahdaq.millipark).

Məlumat üçün bildiririk ki, qanunvericiliklə nəzərdə tutulan sənədləri vaxtında təqdim etməyən şəxslərə Milli Park ərazisinə giriş üçün icazə verilməyəcək.

Qeyd edək ki, yürüş Heydər Əliyevin döğüm gününün ildönümü münasibəti ilə təşkil olunur.

AzNews.az