Etibar Hüseynovdan prezidentə şikayət edildi

9 Aprel 2014 13:58 (UTC+04:00)
Bir neçə gün öncə Milli Məclisin deputatı Etibar Hüseynovun ANS telekanalında Qarabağ qaçqın və məcburi köçkünləri haqda dediyi təhqiramiz ifadələrə görə növbəti etiraz edənlər Ağdam sakinləri oldu.
Onlar deputata sərt şəkildə cavab verməklə yanaşı, Etibar Hüseynov barəsində dövlət başçısı İlham Əliyevin ölçü götürməsinin vacibliyini bildirdilər.

Ağdam sakini olan məcburi köçkün, Qarabağ əlili Məhəmməd Əliyev deputat Etibar Hüseynova kəskin ifadələrlə etiraz etdi. O, deputatı və onu müdafiə edən məmurları Ağdama dəvət etdi: "Mən dırnaqarası millət vəkili Etibar Hüseynovun qaçqın və məcburi köçkünlər haqqında dediyi təhqiramiz, aşağılayıcı sözlərə etiraz edirəm. O, hansı məntiqlə köçkünləri təhqir edir? Bu sözü ona hansı məmurlar dedizdiriblər? Mən Etibar Hüseynovu və onu müdafiə edən məmurları Ağdama dəvət edirəm. Gəlsinlər, gedək döyüşə, orda onun qeyrətli olub-olmamasını görəcəyik. Bizim ona cavab verməyə gücümüz çatır. Qoy açıqlasın, izah etsin, görək, bu sözləri niyə məhz köçkünlərin ünvanına söyləyib?"

Məcburi köçkün Prezident İİlham Əliyevin və Milli Məclisin sədri Oqtay Əsədovun bu barədə təcili tədbirlər görməsinin vacibliyini vurğuladı: "Ağdam rayonunun 6 min şəhidi və 16 nəfər milli qəhrəmanı, minlərlə əlili və veteranı var. Əgər bütün bunları deputat Etibar Hüseynov və digər məmurlar görmürlərsə, onda bütün Qarabağ camaatı ayağa qalxıb, onun cavabını verməyə hər an hazırdır. Etibar Hüseynov deyir ki, qaçqınlar şəhərə gəlib, buraları zibilliyə və s. döndəriblər. Bu, hansı hüquqa, məntiqə sığır? Danışanda deyirik ki, ölkəmiz hüquqi dövlətdir. Hüquqi dövlətdə deputat mandatına sahib olan bir şəxsin belə sözlər işlətməsi heç cürə başadüşülən deyil. Onun bu sözünə görə MM-in sədri Oqtay Əsadov və dövlət başçısı İlham Əliyev təcili tədbirlər görməlidirlər. Etibar Hüseynov danışdığı sözə görə hüquq-mühafizə orqanlarına çağırılaraq, sorğu-sual edilməlidir".

Digər Ağdam köçkünü Səhrad Əliyev də deputatın dediklərinə sərt reaksiya verdi: "Məni ən çox ağrıdan odur ki, Azərbaycanın ilk milli qəhrəmanlarından biri olmuş, mərhum Çingiz Mustafayevin adını daşıyan ANS telekanalında məcburi köçkünlərə qarşı hörmətsizlik olundu. Hansı ki, mərhum Çingiz Mustafayev vətənimiz üçün Qarabağda çox işlər görmüşdü və elə orada da şəhid olmuşdu. Etibar Hüseynov siz nə danışdığınızın fərqindəsinizmi? Quş həmişə dimdiyindən tələyə düşər. Bax, belə olur, sitatın sonu... Sizin yersiz sözləriniz və hərəkətləriniz həmişə insanların əsəblərini gərib. Mən ölkəmizdə nəhayət ki, qanunun aliliyini görmək istəyirəm. Bunun üçün Prezident İlham Əliyevə vətəndaş kimi müraciət edirəm. Cənab prezident, Siz and içmişsiniz ki, bütün Azərbaycan vətəndaşlarına eyni qəlblə yanaşacaqsınız. Əgər dedikləriniz səmimidirsə, Etibar Hüseynov barəsində mütləq tədbir görülməsi vacibdir. Ona başa salınmalıdır ki, insanların heysiyyatı ilə oynamaq olmaz. Bizi vətənlə imtahana çəkdilər, çörəklə imtahana çəkdilər, valideynlərimizlə, övladlarımızla imtahana çəkdilər. Qoy, hamı bilsin ki, şərəf və ləyaqətimizə isə heç kəs toxuna bilməz. Ağdamlılar Ali Baş Komandanın əmrini gözləyir və lazım gələrsə, Allahu Əkbər deyib, döyüşə girməyə hər an hazırdırlar. Etibar Hüseynovda isə vətənpərvərlikdən əsər-əlamət yoxdur. Azərbaycan məmurları Jirinovski bir söz deyən kimi, dərhal reaksiya verirlər, bəs indi nə oldu?

Niyə səssiz durdular? Niyə məlum şəxs barədə ölçü götürülmür?" Ağdam rayonun daha bir sakini, məcburi köçkün, təqaüdçü müəllim Nuşirəvan Aslanov isə baş verənləri təəccüblə izlədiyini bildirdi: "Deputat Etibar Hüseynov barəsində çoxları bir çöx sözlər dedilər. Mən bir şeyə təəccüb qalıram. Bizim Ağdam rayonunu Milli Məclisdə təmsil edən iki deputatımız var. Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev... Onlar aşırma şalvar geyinəndən ta bu günə kimi, rayonumuzu orada təmsil edirlər. Bəs bizim o deputatlar orda nə edirlər? Bizneslə məşğuldurlar, alverlə məşğuldurlar, nəylə məşğuldurlar? Mən şəxsən Ağdam rayon sakinləri adından təklif edirəm ki, qarşıdan gələn 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina edək. Çünki biz 20 ildir ki, deputatlarımızın fəaliyyətini görmürük, heç onları tanımırıq. Əhalinin də böyük əksəriyyəti öz deputatını tanımır. Biz tələb edəcəyik ki, seçki vaxtı Ağdamda olan iki dairə və iyirmi məntəqəyə xərclənən maddi vəsait, Ağdamın digər problemlərinə sərf olunsun. Əgər onlar bu problemləri parlamentdə, yüksək tribunadan deyə bilmirlərsə, onda elementar danışığını bilməyən Etibar Hüseynova necə cavab verə bilərlər? Nəyə görə deputatlarımız həmin şəxsin yanında oturub, Qarabağ camaatını təhqir etməsinə susurlar, niyə onun cavabını vermirlər? Bəlkə də özləri də ona qoşulub, bu vəziyyətə gülürlər. Mən Ağdam tərəfindən belə adamların deputat seçilməsinə bir vətəndaş kimi öz etirazımı bildirirəm" ("Musavat.com").