Oqtay Abdullayev: “Təmir işləri məşqlərimizə mane olmur”

30 Avqust 2012 12:33 (UTC+04:00)
Olimpiya növləri üzrə milli yığma komandalar üçün nəzərdə tutulan təlim-məşq mərkəzində təmir işlərinə başlanılıb. Bu haqda AzNews.az saytına mərkəzin direktoru Oqtay Abdullayev xəbər verib. Hazırda paralel olaraq AFFA-nın nəzdində Futbol Veteranları İctimai Birliyinin sədri olan O. Abdullayev qeyd edib ki, gedən təmir yaxın 10-15 gün ərzində yekunlaşacaq. "Təmir işlərinin getməsinə baxmayaraq, mərkəzimizdə keçirilən məşqlərə ara verilmir. Futbol, futzal, basketbol və digər idman növləri ilə məşğul olanlar hazırlığını rahat şəkildə davam etdirirlər.

Təmirə gəlincə isə, biz yalnız daxili idman zalının vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə müraciət etdik və onlardan müsbət cavab aldıqdan sonra istilik sistemini dəyişdirməyə qərar verdik. Hal-hazırda işlər gedir, yaxın 10-15 gün ərzində təmir yekunlaşacaq. Habelə nazirlik tərəfindən bizə yüksək keyfiyyətli yeni güləş xalçaları, döşəkçələri veriləcək. Bundan sonra bizim mərkəz tam gücü ilə hazırlıqlara davam edə biləcək".

Emin Abbasov
AzNews.az