AXCP-Müsavat münasibətləri daha da gərginləşdi

30 Avqust 2012 13:05 (UTC+04:00)


"İctimai Palatanın prezidentliyə vahid namizədinin müəyyənləşdirilməsi üçün tərəflərin razılığının olması zəruridir. İddiaçı şəxslər bir-birinə güzəştə gedəcəksə, təbii ki, bu proses problemsiz keçəcək. Ancaq hər bir siyasi lideri də başa düşmək olar.

Onların hər birinin öz komandası var, hər biri ayrıca siyasi partiyanın lideridir". Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "İP vahid namizədini necə müəyyənləşdirməlidir" sualına cavab verərkən deyib.

O bildirib əvvəlki seçkilərdə də müxalifət özünün vahid namizədini müəyyənləşdirə bilməyib: "Xatırlayırsınızsa, demokratik düşərgənin iştirak etdiyi sonuncu - 2003-cü il prezident seçkilərində bütün iddialı namizədlər bu və ya şəkildə seçki kampaniyasında bilavasitə, yaxud başqa namizədi müdafiə etməklə iştirak edirdilər. Bununla belə, əsas namizədin kim olduğu həm siyasi qüvvələrə, həm cəmiyyətə məlum idi. Proses elektoratı müxalifətin əsas namizədi kimi İsa Qəmbəri qəbul etdi və ona səs verdi. Biz düşünürük ki, bu dəfə də İsa Qəmbərin vahid namizəd olması alınmasa - hansı ki, biz bunun üçün ciddi səylər göstərmək niyyətindəyik və bunun baş tutmasına ümid edirik – yenə də müxalifətin əsas namizədi o olacaq". Vahid namizədin İP-də səsvermə, yaxud digər üsulla müəyyənləşdirilməsinə gəlincə, A. Hacılı detallı şəkildə danışmaq istəmədiyini bildirib: "Ümumilikdə hesab edirəm ki, İsa Qəmbərin bu gün müxalifətin vahid namizədi olması şansı digər şəxslərdən müqayisə olunmaz dərəcədə yüksəkdir".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında həm "İP vahid namizədini necə müəyyənləşdirməlidir" sualını cavablandırıb, həm də A. Hacılının dediklərinə münasibət bildirib. O, əvvəlcə İP-in vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı Palatanın qərarı olduğunu xatırladıb: "Bu qərar əsasında vahid namizədin müəyyənləşdirilməsi istiqamətində müzakirələr dayandırılıb. Vahid namizədin necə müəyyənləşdirilməsinin müzakirəyə çıxarılması faktiki olaraq vahid namizəd məsələsinin gündəmə gətirilməsi deməkdir. Bu, vaxtı çatmamış məsələ olduğundan, onunla bağlı detallı müzakirə aparmağa ehtiyac yoxdur".

A. Hacılının İsa Qəmbərin vahid namizəd olmaq şanslarının digər şəxslərdən müqayisə olunmaz dərəcədə yüksək, Müsavat başqanının isə Əbülfəz Elçibəydən sonra Azərbaycan demokratik düşərgəsinin lideri olması barədə dediklərinə F. Qəhrəmanlının münasibəti belə olub: "Biz bu məsələdə öz üzərimizə düşəni edirik. Yəni, AXCP olaraq İP-in vahid namizəd məsələsi ilə bağlı qərarına əməl edirik. Bizimlə müttəfiqlik münasibətində olanların da bu mövqedən çıxış etməsini daha məqbul sayırıq. Qaldı kim müxalifət düşərgəsində hansı yerdədir, müxalifətdaxili iyerarxiyanın müəyyənləşdirilməsi məsələsinə, hesab edirəm ki, bu, ən sonuncu, ehtiyac olmayan bir məsələdir. Çünki qarşımızda başqa məqsədlər var. Cəmiyyət də bunu istəmir. Hər kəs şəxsi münasibət və simpatiyası nəticəsində bir iyerarxiya müəyyənləşdirməklə məşğul olarsa, bu, bizim ümumi məqsədlərimizin xeyrinə olmayacaq".

AzNews.az