Səlim Müslümov şəhid ailələri ilə görüşüb - FOTO

11 Aprel 2014 17:58 (UTC+04:00)
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Şəhid ailələrinə sosial dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalovanı və şəhid ailələrinin üzvlərini qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı S.Müslümov bildirib ki, müstəqilliyimiz naminə şəhid olmuş igid Azərbaycan övladlarının ailələrinin maddi rifahının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə işlər aparılır.

"İndiyədək 5 minə yaxın müharibə əlili və şəhid ailəsi dövlət hesabına yeni mənzillərlə təmin olunub ki, onlardan 694-ü şəhid ailələridir. Bu il də müxtəlif bölgələrdə istifadəyə veriləcək yeni çoxmənzilli yaşayış binalarından da şəhid ailələrinə mənzillər veriləcək", - deyə S. Müslümov qeyd edib.

S. Müslümov 13 053 nəfər şəhidin ailə üzvlərinə hər ay 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verildiyini diqqətə çatdırıb.

A. Zeynalova isə görüş iştirakçıları adından şəhid ailələrinin mövcud problemlərini və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb.

S. Müslümov nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verib.


AzNews.az