Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir - FOTO

11 Aprel 2014 18:18 (UTC+04:00)
Bu gün Litvanın paytaxtı Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi "Demokratik Siyasi İnstitut"un layihəsi çərçivəsində "Həll edilməmiş münaqişələrinin siyasi təsirləri və həlli perespektivləri" adlı beynəlxalq konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev ilk olaraq "dondurulmuş münaqişə" anlayışına aydınlıq gətirərək bu terminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə şamil edilməsinin doğru olmadığını bildirib. A.Quliyev Qarabağ problemini həll edilməmiş və ya uzanan münaqişə adlandıraraq diqqəti təmas xəttində hər həftə günahsız insanların həlak olması faktına yönəldib.
Hazırkı "nə sülh, nə də müharibə" şəraitinin qəbuledilməz olduğunu bildirən Şura sədri bölgədə dayanıqlı sabitliyin bərqərar olması üçün münaqişənin yalnız dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, eyni zamanda, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməli olduğunu qeyd edib. A. Quliyev bu konsepsiyanı beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin də dəstəklədiyini bildirib.
Şura sədri ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun sonuncu təklif etdiyi yenilənən Madrid prinsiplərinin və ona uyğun olaraq hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarı olduğunu vurğulayaraq bunun hər iki tərəfin marağını təmin etdiyini deyib: "Hərtərəfli sülh sazişi praktiki tədbirlərin icrasını özündə əks etdirir. Bu proses müəyyən zaman çərçivəsində və əvvəlki prinsiplərə əsaslanaraq mərhələli şəkildə həyata keçiriləcək. Sənəd Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayondan Ermənistan qoşunlarının çıxarılmasını və sərhədlər açıldıqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə təminat verərək sonuncu mərhələdə bölgənin hüquqi statusunun müəyyənləşdirilməsini özündə ehtiva edir. Lakin Ermənistan bu təklifi qəbul etməyib".
Münaqişənin həllini stimullaşdıracaq amil kimi Ermənistan və Azərbaycan arasında qarşılıqlı inamın bərpa olunması üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini vacib saydığını söyləyən A.Quliyev rəsmi İrəvanın heç bir uyğun izah vermədən bu cür təmaslardan imtina etdiyini vurğulayıb. Şura sədri problemin həllinin danışıqlar yolu ilə mümkün olmadığını və hərbi yolu istisna etmək üçün beynəlxalq aləmin Ermənistana qarşı sanksiyalar tətbiq etməklə işğalçı dövlətin sülhə məcbur edilməsinin zəruriliyini qeyd edib.
Daha sonra konfransda ekspertlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr haqqında təqdimatları dinlənilib və mövzu ətrafında maraqlı müzakirələr olub. Azərbaycanlı ekspert Kamal Əliyev Dağlıq Qarabağ münaqişəsi, İsraildən olan ekspert Arye Gut isə Xocalı soyqırımı haqqında ətraflı məruzə ilə çıxış edib.
Konfransda Litvanın iki dəfə Baş naziri olmuş və hazırda əsas müxalifətin lideri Andrius Kubilius, Litva parlamentinin vitse-spikeri Gediminas Kirkilas, parlamentinin üzvü Mantas Adomenas mövzu ətrafında çıxış ediblər.
Qeyd edək ki, toplantıda Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Gürcüstanın səfiri Xatuna Salukvadze, Ukraynanın səfiri Valeri Zobtenko, Moldovanın səfiri İqor Klipi, ABŞ səfirinin müşaviri Meqan Kizor, millət vəkilləri, ölkənin tanınmış ekspertləri, QHT və KİV nümayəndələri iştirak edirlər.
Konfrans işini sabah, aprelin 12-də davam etdirəcək.

AzNews.az