Bu xəbər Azərbaycanı qorxutmaq üçün yayılıb

11 Aprel 2014 20:32 (UTC+04:00)
"Rusiya təkcə Ukrayna üçün deyil, Azərbaycan üçün də təhlükədir".

AzNews.az - ın xəbərinə görə bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bu tipli xəbərlərin Azərbaycanı qorxutmaqdan ötrü yayıldığını bildirib: "Rusiyanın Qarabağa qoşun yeritməsi xəbəri dezinformasiyaya oxşayır. Bu, Azərbaycanı qorxutmaq məqsədi daşıya bilər. Düşünürəm ki, belə xəbərlər məhz Ermənistan tərəfdən Azərbaycanı hədələmək, qorxutmaq məqsədi ilə ötürülən informasiyalardır. Onsuz da biz bilirdik ki, Rusiyanın Ermənistana verdiyi silahların bir hissəsi gedib Dağlıq Qarabağa çıxır. Dövlətimiz Rusiyaya onun üzərinə hücuma keçməsi ilə bağlı heç bir bəhanə verməyib və NATO-ya üzvlüyə çalışmır, Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ üzvlük haqqında müqaviləni Kremli qıcıqlandırmamaqdan ötrü imzalamır. Bütün bunların fonunda Rusiya niyə Ermənistandan hücuma keçməlidir?" Politoloqa görə bu xəbərin yayılmasında digər bir məqsəd Azərbaycan üçün təhlükə yarandığına işarə etməkdir: "Rusiya və Ermənistanda anlamalıdırlar ki, bura Ukrayna deyil. Bu mesajın verilməsində başqa bir məqam isə belə ola bilər ki, Rusiya təkcə Ukrayna üçün deyil, Azərbaycan üçün də təhlükədir. Rusiyanın təhlükəli olduğunu biz Ukraynadan öncə də bilirdik. Ukraynanın səfiri ilə görüşdə onun özü də deyir ki, biz sizin gününüzə düşdük. Əlbəttə, belə olmalıdır. Çünki biz Rusiyanın bütün iç üzünü illər öncədən bilirdik. Hələ təzəlikcə Ukrayna bizi anlamağa başlayır. Əgər bu məlumat Ukraynadan gəlibsə, o zaman belə bir şey də ola bilər ki, Ukrayna bizi öz yanında görmək istəyir. Amma istənilən halda bu məlumat yoxlanılmamış informasiyadır".

AzNews.az