Qubadlı rayonunun işğalından 19 il ötür

31 Avqust 2012 06:32 (UTC+04:00)

19 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır.
1993-cü il avqust 31-də Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olunub.

Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb. İşğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər.

Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, "Gavur dərəsi" deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda "Qalalı" qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb.

Bahadur Eyuboğlu
AzNews.az