Azərbaycanlı fəxri konsula hücum oldu

14 Aprel 2014 18:16 (UTC+04:00)
Rusiyanın Ukraynanın Çerniqov vilayətindəki fəxri konsuluna hücum olub.

AzNews.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti üzrə nümayəndəliyindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan fəxri konsul, iş adamı, azərbaycanlı Vaqif Əhməd oğlu Əliyevdir.

Ötən gün axşam saatlarında Çerniqov şəhərinin mərkəzində yerləşən Fəxri Konsulluğa hücum edən maskalı şəxslər qapı-pəncərələri daş-qalaq edib, şüşələri sındırıblar.

Hadisə zamanı V. Əliyev ofisdə olsa da, xəsarət almayıb, mühafizəçilər və yerli hüquq-mühafizə orqanlarının köməyi ilə hücum dəf edilib.

Hadisəni törədənlərin kimliyi ilə bağlı araşdırma aparılır, hadisə nəticəsində xəsarət alan olmayıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov isə APA-ya bildirib ki, Ukrayna vətəndaşı, Çerniqov sakini olan iş adamı V. Əliyev 2008-ci ildən Rusiyanın fəxri konsuludur.


AzNews.az