Nazirlik rejissorun tənqidinə cavab verdi

16 Aprel 2014 09:23 (UTC+04:00)
"Heç bir teatr direktoru, yaxud da hansısa qurum rəhbəri deyə bilməz ki, Mədəniyyət və Turizm Nazirliyi istər Rövşən Almuradlıya, istərsə də digər rejissorlara tamaşa səhnələşdirilməsi ilə bağlı qadağa qoyub".

Bunu AzNews.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib.

İ. Hümbətov bildirib ki, rejissorlar müstəqil olaraq, bir neçə teatrda tamaşa qoymaq hüququna malikdir: "Bunun üçün teatr rəhbərlərinin kollektivlə ümumi razılığı olmalıdır. Rejissorlar həm rəhbərliklə, həm aktyor, həm də yaradıcı heyətlə işləməyi bacarmalıdırlar". İ. Hümbətov vurğulayıb ki, tamaşaların hazırlanmasında teatrlar da maraqlı olmalıdır: "Bəzi rejissorlar Bakıda işlədikləri halda, bölgə teatrlarında da dəvət əsasında işləyirlər. Bu işdə əsas məqam direktorlarla rejissorların əlaqəli şəkildə əməkdaşlığıdır. Belə mühüt yaradıcı prosesə də öz müsbət təsirini göstərir".

Xatırladaq ki, rejissor Rövşən Almuradlı mətbuata açıqlamasında bir neçə əsərə quruluş vermək arzusunda olduğunu bildirib. Rejissor onu da əlavə edib ki, o, bu məsələdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən haqsızlıqlarla qarşılaşıb.

Bahar Rüstəmli
AzNews.az