Ən böyük kapital

16 Aprel 2014 13:27 (UTC+04:00)
Əziz dostum, bu yazıda sənə informasiya haqqında müəyyən bilmədiklərini çatdırmağa çalışacam. Xahiş edirəm ki, sən də yazdıqlarımı diqqətlə oxuyub anlamağa çalışasan. İnan ki, yazdıqlarımı oxuduqdan sonra düşünməyə başlayacaq, artıq dünyaya başqa bir gözlə baxacaqsan.

İlahi informasiya

İnsan övladı özünü dərk edən gündən informasiya dünyanı idarə edir.
İnformasiya insan üçün əsas kapitaldır, o, öz inkişafına görə informasiyaya borcludur. Biz doğulduğumuz gündən informasiya ilə qidalanır, özümüzü ifadə etməyi öyrənir, informasiya toplayır, analiz edir və ötürürük. Bizə verilən informasiyaları digər informasiyalarla analiz edib, təkmilləşdirərək paylaşırıq.

Düşünün, siz dünyanın bir çox ölkəsinə səyahət etmisiz. Həmin ölkələrdə minlərlə restoranda yemək yemisiz, görməli-gəzməli yerlərini gəzmisiz, məhşur mağazalarından alış-veriş etmisiz. Müəyyən bir vaxt keçdikdən sonra o yeməklərdən, gəzməklərdən və alış-verişdən sizə nə qalır? Yeməklər həzm olunur, siz vətənə dönürsüz və geyimləriniz öz istifadə müddətini bitirir. Sizə qalan sadəcə xatirələr, qəbul etdiyiniz və yaddaşınıza həkk etdiyiniz informasiyalardır.

Biz doğuluruq, təhsil almağa başlayırıq, bağça, məktəb, ali məktəb, oxuduğumuz kitablar, izlədiyimiz filmlər və başqa yollarla əldə etdiyimiz informasiyaların hesabına pul qazanırıq. Qazandığımız pulun sayəsində informasiyaları bizdən az olan digər insanların əməyini istismar edərək həyatımıza davam edirik. Yeni informasiyalar yaradır, yeni mənbələr axtarır, topladığımız informasiyaların bazasında müxtəlif oyunlar düşünürük.

İnformasiya oyunları

İnformasiya insan oğlunun sahib olduğu ən güclü kapitaldır. İnformasiyanın düz və səhv olmasının əhəmiyyəti olmur bəzən.
Çox vaxt vacib informasiyanı cəmiyyətdən gizlətmək üçün minlərlə yanılış informasiyalar istehsal olunur. İnformasiyalar insanlar arasında konfliklərə, mübahisələrə və hətta müharibələrə belə gətirib çıxarır.

İnformasiyalarla məqsədli şəkildə cəmiyyətin beyin dizaynı dəyişdirilir və beyinlərin qərarvermə mexanizmləri proqramlaşdırılır.

İnsanın beynindəki qərarvermə mexanizmi müəyyən informasiya platformasından qidalanır.

Bəs, bizim beynimizin informasiya platformasını kim müəyyənləşdirir?

Oyunlar, yaxud təhlükəli tendensiya

Oyunçu qazandığını hesab etsə də, əslində, hər zaman oyunu oynadan qazanır.

İnsan informasiyanı sadəcə oxumaqla əldə etmir. Həm də eşitməklə, görməklə, qoxlamaqla, dadla, lamisə ilə və hətta oynamaqla qəbul edir.
İnformasiya insanı idarə edən beyinin qidasıdır. Biz bu qida üçün istənilən fədakarlığa hazırıq. Yazımın məqsədi sizi xəbərdar etməkdir. Unutmayın , sizi beyniniz idarə edir və beyniniz informasiya ilə qidalanır. Siz onun hansı informasiya ilə qidalandığını bilməlisiz. Çünki o informasiyanın istehsalçısı kimdirsə, əslində sizi o idarə edir. Öz beyninizi idarə etməyi öyrənin.

Bu gün Azərbaycan auditoriyası əksər hallarda xarici dövlətlərin informasiyaları ilə qidalanırlar. Bu böyük təhlükədən xəbər verir.

Biz özümüzdən, iradəmizdən asılı olmayaraq xaricdən qurulan informasiya oyunları oynayırıq.

Biz xarici musiqi dinləyir, xarici filmə baxır, xarici dəbə uyğun geyinir, xarici ədəbiyyatı-medianı mütaliə edir, xarici sosial şəbəkələrdə fikirlərimizi paylaşır, xarici mədəniyyəti öz mədəniyyətimizdən üstün görür və bunların təbliğatçısına çevrilirik. Bununla özümüzü və milli beyimizi itiririk.

Bu da bir həqiqətdir ki, beynimiz milli olduğu üçün xarici informasiyalar orda yad maddə kimi çox duruş gətirə bilmir və müəyyən psixoloji xaos yaşayırıq. Təhlükəli tendensiyadır, deyilmi?

Bu təhlükənin qarşısını almağın vaxtıdır. Beynimizi təmizləməyin vaxtıdır.
Hər şey zərurətdən doğur, artıq milli informasiyamızı istehsal etməyin vaxtıdır.

Özümüzün dinləyə biləcəyi musiqini, izləyə biləcəyimiz kinonu, oxuya biləcəyimiz ədəbiyyatı, geyinə biləcəyimiz dəbi , paylaşa biləcəyimiz sosial şəbəkələri - mədəniyyətimizi yaratmağın zamanıdır.

Xarici informasiyaların təsiri ilə buraxdığımız səhvləri etiraf edərək, gələcəkdə təkrarlamamalıyıq!

Tarixi informasiyalarımıza sahiblənməli, analiz etməli və onları təkmilləşdirməliyik.

Belə olduğu təqdirdə, biz dünyanı öz informasiyamıza inandıracaq və info-oyunlarımızla dünyanı oynadacağıq.

Unutmayaq ki, biz böyüdükcə dünya kiçilir!

aktual.az