Dövlət qoruğunda narkotik bitki əkiblərmiş

16 Aprel 2014 14:00 (UTC+04:00)
Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 1 saylı dolayının ərazisində narkotik xassəli çətənə bitkisinin əkilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən aprelin 11-də əraziyə baxış keçirilən zaman sahəsi 1 kv/m olan parnik və müxtəlif ölçülü qablarda uzunluğu 2-10 sm olan 130 ədəd narkotik maddəli bitki olması ehtimal edilən şitillər müəyyən edilib. Sahəyə fototələlər yerləşdirilərək ərazi nəzarətə götürülüb. Növbəti gün əraziyə yenidən baxış keçirən Qoruq əməkdaşları bir nəfər naməlum şəxsin sahədən uzaqlaşdığını müşahidə edib və bu barədə dərhal Balakən rayon polis idarəsinə məlumat verilib. Eyni zamanda sahəyə yerləşdirilmiş fototələlər vasitəsilə əldə olunan görüntülər polis əməkdaşlarına çatdırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qismində Balakən rayon Mazımqara kənd sakini Məhəmməd Balzalov yaxalanıb.

Faktla bağlı istintaq tədbirləri aparılır.

Nazirlikdən bildirilib ki, Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.

AzNews.az