1695 QHT-yə son xəbərdarlıq edildi

18 Aprel 2014 19:59 (UTC+04:00)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarına əsasən, QHT-lər hər ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə illik maliyyə hesabatları təqdim etməlidir. Hər il bu məsələ ilə bağlı xeyli QHT tərəfindən gecikdirmələr olur. Bəs bu bu il vəziyyət necədir?


Sözügedən məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi quruma Maliyyə Nazirliyindən QHT-lərin illik hesabatlarını gecikdirməsi ilə bağlı məktub daxil olduğunu bildirib.
Azay Quliyev Maliyyə Nazirliyinin məktubunda 1695 QHT-nin illik maliyyə hesabatını tələb edilən müddətdə təqdim etməməsi faktının əksini tapdığını qeyd edib:

"1695 QHT-nin aprel ayının 1-dək Maliyyə Nazirliyinə illik hesabatı təqdim etməməsi böyük təəssüf doğurur. Biz dəfələrlə bu məsələni qaldırmışıq və təşkilatların qanunvericiliyin tələblərinə əməl etməsinin vacibliyini vurğulamışıq. Mən Milli Məclisin tribunasından da illik maliyyə hesabatının zamanında, gecikmə olmadan təqdim etməsi ilə bağlı III sektora çağırış etmişəm. Maliyyə Nazirliyi artıq illik hesabatı təqdim etməyən təşkilatların adlarını bizə təqdim edib, birinci gün o siyahını Şuranın saytında yerləşdirəcəyik. Aprel ayının sonuna qədər bu iş üzrə gecikmiş QHT-lərə vaxt verilib ki, hesabatlarını Maliyyə Nazirliyə təqdim etsinlər. Mən bütün QHT-lərə müraciət edirəm ki, qısa müddət ərzində maliyyə hesabatlarını hazırlayaraq müvafiq dövlət orqanına göndərsinlər. Unutmasınlar ki, əks təqdridə onları cərimə sanksyaları gözləyir".

AzNews.az