Ramil Usubov 13 nəfəri sıra baxışından kənarlaşdırdı

19 Aprel 2014 11:17 (UTC+04:00)
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar keçirdiyi baxış zamanı tələb olunan parametrlərə uyğun gəlməyən 13 nəfəri sıra baxışından kənarlaşdırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 648 nəfərin düzüldüyü ayrı-ayrı kalonların önündən keçərək namizədlərin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb, bəzi irad və tövsiyyələrini bildirib.

Daxili işlər naziri ümumən sıra baxışından, bu məqsədlə polis orqanlarından göndərilən şəxslərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 13 nəfər isə sıra baxışından kənarlaşdırılıb.

Tədbirin sonunda nazir Ramil Usubov namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulamış və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

AzNews.az