517 şəhərdə içməli su qıtlığı yaranıb

21 Aprel 2014 08:16 (UTC+04:00)
İranda 517 şəhərdə su qıtlığı yaranıb və içməli su problemi böhran vəziyyətinə çatıb. Bu sözləri İranın Su və Kanalizasiya Təchizatı Şirkətinin direktoru Həmidrza Canbaz deyib. Trend-in İranın İRNA dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, H.Canbaz su qıtlığına səbəb kimi əhalinin qeyri-bərabər artımı, şəhər ətraflarında yaşayış massivlərinin çoxalması, inkişaf planlarının su ehtiyatlarına uyğun aparılmaması və s. göstərib.

Qeyd edək ki, 2013-cü ilin iyul ayının əvvəlində İranın bir neçə şəhərində əhaliyə içməli suyun qrafiklə və normalar tətbiq etməklə verilməsinə başlanmışdı. Yay fəsli ilə əlaqədar Gilan, Hörmuzqan və Kirman əyalətlərinin bəzi şəhərlərində su qrafiklə verilirdi.

Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub. Sonuncu dəfə İranda 2008-ci ilin yay aylarından yeni quraqlıq dövrü başlayıb. Həmin vaxt bu ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub. İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ildə başlayan quraqlığın bir neçə il davam edəcəyi ehtimal olunur.

AzNews.az