“Leyla Yunusun bəyanatı gülməlidir” – YAP-dan reaksiya

21 Aprel 2014 13:55 (UTC+04:00)
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Rauf Mirqədirovun həbs edilməsinə münasibət bildirib. O deyib ki, 2001-ci ildən etibarən hər il onun rəhbərlik etdiyi təşkilatın xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edib. Səfərlər zamanı təşkil edilən tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə fikirlər səsləndirilib. O, R. Mirqədirovun cinayət tərkibli hər hansı addım atmadığına dair bəyanatla da çıxış edib.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı isə AzNews.az-a açıqlamasında bildirib ki, bu məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir: "Bu cür hadisələrə münasibət bildirmək üçün gözləmək lazımdır. Artıq hər kəs bilir ki, Rauf Mirqədirov saxlanılıb və onunla bağlı araşdırma gedir. Belə olan şəraitdə Leyla Yunusun bəyanatla çıxış etməsi olduqca gülməli görünür. O, bu məsələnin mahiyyətinə varmadan, dərhal ortaya düşərək Rauf Mirqədirovun müdafiəçisi kimi çıxış etmək istəyir. Axı, nə baş verdiyini bilmirsən. Azərbaycanın təhlükəsizliyini qoruyan qurumlar çox peşəkarcasına məsələləri həmişə həll edirlər".

YAP rəsmisi əlavə edib ki, bu məsələnin mahiyyətinə varmadan Leyla Yunusun açıqlamalar verməsi düzgün deyil: "Hesab edirəm ki Leyla Yunusun belə bəyanatına ehtiyac yoxdur".

Xatırladaq ki, "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Amid
AzNews.az