Nazirlikdən xarici ölkələrdə təhsil alanlara QADAĞA

22 Aprel 2014 13:23 (UTC+04:00)
Xarici ölkələrdə təhsil almış müəllimlərin bəzi fənləri tədris etməsi qadağan olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarında qeyd olunub ki, ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər" bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə də dərs ili ərzində yaranan vakant yerlərə daimi işçi qəbul olunanadək, saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən ixtisaslı müəllimlərin işə qəbuluna icazə verilir. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

AzNews.az