Məmur uşaqlarının “AZ” seriyalı maşınlarına YPX - dən - Reaksiya

23 Aprel 2014 17:25 (UTC+04:00)
BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev: "AZ seriyası yalnız prokurorluq orqanlarına məxsus deyil"


Son günlər mediada və sosial şəbəkələrdə vəzifəli məmurların övladlarının avtoxuliqanlığı haqda ciddi müzakirələr gedir. Az qala hər gün bu mövzu yenilər; gah bu, gah da başqa tanınmış şəxsin ərköyün oğlunun avtoxuliqanlıq videoları yayılır. Məlumatlara görə, bu avtomobillərin bəzilərinin dövlət nömrə nişanlarında "AZ" seriyası da olur.

Son olaraq bu qalmaqalda adları hallanan şəxslər nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşının övladlarıdır. Onların maşınlarının bəzisində AZ seriyasının olduğunu yazıb bəzi saytlar.

Digər bir iddia ondan ibarətdir ki, "AZ" seriyası ilə olan dövlət nömrə nişanları prokurorluq sisteminə aiddir. Bütün bu iddialarla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxladıq.

""AZ" seriyası ilə olan dövlət nömrə nişanları hüquqi şəxslərə verilir"

Kamran Əliyev musavat.com-a açıqlamasında bildirib ki, "AZ" seriyası ilə olan dövlət nömrə nişanları hüquqi şəxslərə verilir: "Burada hansı seriyanın, hansı yerə verilməsindən söhbət getmir. Demək olmaz ki, konkret bu nömrə nişanları bir qruma və ya bir təşkilata aiddir. Bu nömrələr qarışıq ola bilər. "AZ" seriyası ilə olan dövlət nömrə nişanları yalnız hüquqi şəxslərə verilir. Vətəndaş fiziki şəxs kimi bu seriyalı nömrələrə sahib ola bilməz. Vətəndaş əgər hüquqi şəxsdirsə, onun hər hansı bir şirkəti varsa, o zaman bu nömrəni ala bilər. Bu seriyalı nömrələr şirkətlərə, banklara, dövlət təşkilatlarına və digər bunu kimi yerlərə verilir. Ona görə də konkretləşdirmək olmaz ki, sadəcə bir yerə aiddir".

Qeyd edək ki, maşınında "AZ" və "AA" seriyaları olan məmur övladları təkcə Ziya Məmmədovun yaxın qohumları deyil. Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin kortejindəki maşınlarda da bu seriyaların olduğu haqda mətbuatda xəbərlər gedib. Həmin məlumatda deyilirdi ki, Elmir Vəliyev Gəncədən Bakıya ağ "Mercedes Galendevagen" markalı, 90 AA 700 nömrə nişanlı avtomobillə gəlməyi çox xoşlayır. Amma onu müşahidə edən kortejdə prezident mühafizəsində olan bahalı "BMW"nin olduğu və həmin maşının dövlət nömrə nişanının 90 AZ 700 olduğu deyilirdi. O zaman da bahalı "BMW"-nin nömrə nişanındakı "AZ" seriyası prokurorluq sisteminə aid olduğu deyilirdi.

AzNews.az