İran ehtiyat toplayır

1 Sentyabr 2012 18:17 (UTC+04:00)
İran ərzaq ehtiyyatından sonra bu dəfə də qızıl ehtiyyatı toplayır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarısında Türkiyədən İrana qızıl aparılması 40 dəfə artıb. Türkiyə Statistika İnstitutunun verdiyi məlumata görə, 2011-ci ildə qızıl ixracı 411 milyon dollar təşkil etmişdisə, 2012-ci ilin yanvar-iyun aylarında bu rəqəm artaraq 2 milyard dollara çatıb.

Türkiyədə fəaliyyətlə məşğul olan iranlı iş adamlarının böyük miqdarda qızıl alaraq ölkələrinə apardıqları məlumatı da yayılıb. Bu qızıllar ayrı-ayrı şəxslərlə yanaşı, İran Mərkəzi Bankına da satılır. Türkiyədən İrana qızıl ixracının bu qədər artmasına səbəb isə beynəlxalq sanksiyalara qarşı tədbir görülməsidir.

Belə ki, İran hökuməti iqtisadi sanksiyalardan sonra qadağaların qızıl sektorunu da əhatə edəcəyi ehtimalına qarşı qızıl ehtiyatı toplamağa başlayıb. İran Türkiyə ilə yanaşı Dubay, Rusiya və Hindistandan da böyük miqdarda qızıl alır.

Alpər
AzNews.az