Nalbandyan həmsədrlərlə ancaq Ramil Səfərovun əfvini müzakirə edib

3 Sentyabr 2012 08:29 (UTC+04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 2-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb.

APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə ancaq bir məsələ - Ramil Səfərovun Azərbaycana qaytarılması və əfvi müzakirə edilib. E. Nalbandyan buna kəskin etirazını bildirib, Azərbaycanın bu addımının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinə mənfi təsir göstərəcəyini deyib.

Qeyd edək ki, bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da həmsədrlərlə görüşü olacaq. Ramil Səfərov avqustun 31-də Azərbaycana qaytarılıb, prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

AzNews.az