Erməni ekspert “Rusiya niyə susur” dedi

3 Sentyabr 2012 10:57 (UTC+04:00)


Rusiyanın regnum saytı Cənubi Qafqaz məsələləri üzrə erməni ekspert Viktor Yakubyandan müsahibə götürüb. Müsahibəni AzNews.az saytının oxucularına təqdim edirik.

Cənubi Qafqaz məsələləri üzrə ekspert Yakubyan Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsini, daha sonra isə əfv olunaraq hərbi rütbə almasını " Ermənistana qarşı qabaqcadan hazırlanmış təxribat" adlandırıb və bildirib ki, bu Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək.

"Fikir verin hadisələr necə sürətlə cərəyan edir. İctimai isterika və rezonans fonunda Ermənistanda xarici diplomatik nümayəndəliklərin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilir, daha sonra Fransada ATƏT-in Minsk qrupu həmsədrləri ilə hər iki ölkənin Xarici İşlər Nazirləri görüşürlər. ABŞ situasiyaya yüksək səviyyədə və gecikmədən münasibət bildirir. Erməni xalqının isə Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqları dayandırmağı tələb etdiyi bir məqamda yeganə həmsədr ölkə - Rusiya və onun Xarici İşlər Nazirliyi susur. Təbii ki, baş verənlərin nəticəssi olacaq".

Erməni ekspert daha sonra əlavə edir ki, Səfərovun ekstradisiyası ilə bağlı təxribat bu günün məsələsi deyil və ekstradisiyaya aparan hadisələr bundan əvvəl baş verib. O, misal olaraq 2011-ci ilin iyununda Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən dərhal sonra Qarabağ Danışıqlarının dayandırılmasını göstərib və bildirib ki, Səfərovun azad edilməsi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa yönəltmək və Ermənistanı təxribata çəkmək üçün edilib.

Yakubyan onu da etiraf edib ki, Azərbaycanın bu addımla istədiyinə nail olaması Ermənistanı daha böyük səhvlərə yol verməkdən çəkindirməlidir. Çünki Azərbaycan çoxdan məsələni ATƏT- in Minsk qrupu çərçivəsindən çıxarmağa çalışır və Ermənistan səhvlərə yol verərək Azərbaycana yeni kartlar verməməlidir. Yakubyan Rusiyanın məsələyə yanaşmasını da tənqid edib və bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi ölü sükut və etinasızlıq sərgiləyir. " Deyəsən Rusiya ömürlük həbsə məhkum edilmiş şəxsin azad edilməsini və rütbə almasını normal hesab edir".

O, həmçinin Rusiyanı hər iki ölkəyə eyni gözdə baxmaqda ittiham edib və bildirib ki, bu siyasət Rusiyanın Azərbaycana təzyiq imkanlarını heçə endirib ona görə də Azərbaycan belə cəsarətli addımlar ata bilir.

Sadiq
AzNeews.az