Partiya sədri Polşaya gedib

3 Sentyabr 2012 11:03 (UTC+04:00)
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Krınisa şəhərində keçiriləcək XXII İqtisadi Forumda iştirak etmək üçün Polşaya səfər edib

Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, o, forumda "Şərq tərəfdaşlığı, Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllinə necə kömək edə bilər?" və "Türkiyə və Orta Şərq, yoxsa Türkiyə və Avropa İttifaqı" mövzularında çıxış edəcək.

Birinci mövzu ilə bağlı son 20 ildə Şərq Tərəfdaşlığı ölkələrindəki, həmçinin Cənubi Qafqazdakı ağrılı münaqişələr, hər il bu münaqişələrdə ölənlərin sayının artması və onlardan tez-tez beynəlxalq siyasətdə alət kimi istifadə olunması, bu münaqişələrin həlli yollarının tapılması, BMT ilə ATƏT-in əməkdaşlığının bu regionda sabitliyin möhkəmləndirilməsinə necə təsir göstərəcəyi, sülhün təmin olunması üçün hansı mexanizmlərdən istifadə olunması ətrafında fikir mübadiləsi aparılacaq.

İkinci mövzu ilə bağlı Türkiyənin əvvəllər AB-yə inteqrasiya istiqamətində addımlar atmasına baxmayaraq, son zamanlarda, xüsusilə "ərəb baharı" zamanı özünü regional güc kimi nümayiş etdirməsi, Yaxın Şərq və Şimali Afrika regionundakı proseslərə təsir göstərən mövqeyi, xarici siyasət prioritetlərini dəyişməsi müzakirə olunacaq. Burada Ankaranın siyasətində hansı istiqamətin – Avropa, yoxsa Şərq oriyentasiyasının - dominantlıq təşkil edəcəyi sualına cavab axtarılacaq.

O, həmçinin Novi Sad şəhərində keçiriləcək XXII İqtisadi Forumu müşayiət edən Gənc Liderlərin 7-ci iqtisadi forumunda da çıxış edəcək.

İlkin
AzNews.az