Mahmudəli Çöhrəqanlı: “Millətimizin maddi durumu yaxşı olan kəsimi fars faşizminin qulluğundadır” - Eksklüziv

3 Sentyabr 2012 14:54 (UTC+04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı, Amerikada siyasi mühacir həyatı yaşayan Mahmudəli Çöhrəqanlının AzNews.az - a eksklüziv müsahibəsi:

-Mahmudəli bəy, ilk öncə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) son zamanlarda Güney Azərbaycanla bağlı fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirik...

- GAMOH olaraq 2012-ci ili "Urmiya Gölünün Qurtuluşu İli" adlandırmışıq. Fars-molla rejiminin Urmiya duz gölünü bilərəkdən qurutduğuna təşkilat və milli hərəkat olaraq diqqət çəkmək amacıyla bir çox fəaliyyətimiz olub. Türkiyənin tanınmış telekanallarından olan Avrasya TV vasitəsilə təşkilatımızdan Cavad bəy Abbasi və Rza bəy Talibi proqrama qatılaraq Urmiya gölünün qurudulma səbəblərini və bunda İran rejiminin rolunu açıqlayıb. Bu proqram həm yayım zamanı, həm də daha sonra Facebook və buna bənzər sosial media vasitəsilə durumdan xəbərsiz olan türkiyəli və Quzey Azərbaycandan olan soydaşlarımızın məlumatlanmasına səbəb oldu. Demək olar ki, Türkiyə mediasında ilk dəfə Urmiya gölü haqqında belə bir proqram yayınlandı. İran dəlil və sübutlarla GAMOH tərəfindən suçlandı. GAMOH – un təşəbbüsü ilə Türkiyənin tanınmış araşdırmaçı və siyasətçilərindən olan, 21-ci Əsr İnstitutunun başqanı Ümit bəy Özdağın da iştirak etdiyi Urmiya gölü seminarı keçirildi. Seminara qardaş Türkiyə və Quzey Azərbaycanımızdan bir çox tanınmış araşdırmaçı, yazar və siyasətçi qatıldı. Eyni zamanda GAMOH öncüllüyü ilə Ankara, İstanbul, və Əskişəhir bölgələrində ötən aylarda medianın da iştirakı ilə aksiyalar, mitinqlər keçirildi. Bilirsiniz ki, 35 milyon Güney Azərbaycan türkünü UNPO -da (Dövlətsiz Millətlər Təşkilatı) rəsmi olaraq GAMOH təmsil edir. Bu qurumun vasitəsilə məsələ ilə bağlı vəziyyət BMT və beynəlxalq ictimaiyyətə çatdırılıb.

- Amerika və ya İsraillə İranın ehtimal olunan müharibəsi ilə bağlı sizin fikriniz necədir? Bu, Güney Azərbaycana nə verə bilər?

- Biz heç zaman xarici əsgərin müdaxiləsini arzu etməmişik və ehtimal da olsa belə, bir müharibəyə xoş baxmırıq. Amma hamının bildiyi kimi, arzu etməmək və ya xoş baxmamaq, müharibələrin başlamasına mane ola bilmir. Belə bir müharibə baş verərsə, təbii ki, İran rejiminin yanında yer almayacağıq. Bunun səbəbi də bütün insani haqlarımızın bu rejim tərəfindən tapdalanması və ən ağır vəziyyətdə assimilyasiya məruz qalmağımızdır. Belə müharibənin sonucu İranda rejimin çökməsi və bir çox əsir millətlərin, o cümlədən, Güney Azərbaycan türk millətinin azadlığıyla sonuclana bilər.

- İranda zəlzələ bas verdi və hakimiyyətin zəlzələdən zərər çəkən insanlara yardım göstərməməsi bir çox dairələrdə, o cümlədən İranın daxilində də tənqidlərlə qarşılandı. Sizcə həqiqətən də İran azərbaycanlılara yardımlarını əsirgəmişdi, yoxsa bu barədə yazılanlar İran müxalifətinin məsələni siyasiləşdirməsi idi? Əgər həqiqətən yardım göstərilməyibsə, bunun səbəbləri nə ola bilər?

- 1994 - 1995 - ci illərdə İran molla rejiminin üst qatları və iç dairələrində rejimə çox təhlükəli olan bir söz ağızdan - ağıza gəzməkdəydi: AZƏRBAYCAN ƏLDƏN GETMƏKTƏDİR! Söhbət Güney Azərbaycandan gedirdi. Diqqətli və dərindən baxsaq, həqiqətən də keçən 17 ildə Güney Azərbaycanda çox güclü milli intibah və oyanış baş verib. Məncə heç bir güc bir daha bu milləti assimilyasiya edərək öz haqlarından məhrum edə bilməyəcək. Millətimizin qurtuluşu qəti və kəsindir. Bu durumu diqqətə alsaq, İran rejimini idarə edən bütün rəhbərlərin beynində bir qurd gəzməkdədir ki, gec və ya tez Güney Azərbaycan əldən gedəcək. Ona görə, təkcə zəlzələ məsələsi deyil, bir çox sahələrdə belə münasibət var. Azərbaycan dosyası həmişə masanın üstünə çox gec qoyularaq gündəmə gətirilir. Bir sözlə, Azərbaycana bütün xidmət sahələrində bilərəkdən qusurlar yaradırlar.

-Güney Azərbaycanda milli - azadlıq hərəkatının sürətlənməsi üçün çatışmayan cəhətlər nədən ibarətdir?

- Təbii ki, bəzi çatışmayan cəhətlər var və bunlar sürətlə irəliləməyimizə maneə törədir. Hərəkatın gənc olması və kifayət qədər təcrübəyə malik olmaması bu səbəblərdən birincisidir. Sanki bir uşaq yerimək öyrənir, o qədər yıxılıb qalxmalıdır ki, nəhayət, yeri titrədən addımları ata bilsin. Millətimizin maddi durumu yaxşı olan kəsiminin milli və siyasi şüur açısından yoxsul olması səbəbi də var. Varlı kəsim ya fars faşizminin qulluğundadır, ya da şəxsi mənfəətlərini milli mənfəətlərdən üstün tutur. Hələlik hərəkata gözəgələn bir yardım etməyiblər. Başqa bir səbəb qardaşlarımızın bizimlə yabançı və biganələr kimi davranmalarıdır. İki qonşu və qardaş dövlətin davranışları həm qardaşlıq, həm də qonşuluq münasibətlərilə tərs olub. Nə siyasi, nə maddi yardım olub. Hətta bəzən mediadan yararlanmağı da çox görərək qapıları üzümüzə bağlayıblar. Beləliklə, ortaya çıxan durum heç ümidverici deyil. Bunlara baxmayaraq, biz şəxsi imkanlarımızla son nəfəsimizə qədər millətimizin qurtuluşu uğrunda mübarizəyə davam edəcəyik.

- Mahmudəli bəy, Azərbaycana nə zaman səfər edəcəksiniz?

- Bildiyiniz kimi, 6 ildir vətənin müstəqil bölgəsinin qapıları üzümüzə bağlanıb. Bunun əsas səbəbi İran rejiminin Azərbaycan hakimiyyətinə ağır basqıları olub. Amma göründüyü kimi, regionda olan durum çox həssas və kritiktir. Bölgə qan qazanı kimi qaynamaqdadır. Hər an sürpriz və gözlənilməz hadisələr baş verir. İçimdən bir səs deyir: "Bu günlər çox həssas və tarixi günlərdir. Millətin sənə, sənin də millətə ehtiyacın var. Get millətin qulluğuna. Get millətinin yaxınlığında ol. Onları eşit və dinlə, bəzi şeyləri də onlarla danış…" Ona görə, inanılmaz dərəcədə millətin həsrətini çəkirəm. İnanıram ki, bu ayın son günlərində üzümüzə bağlanan qapıları açacaqlar və millətimizi ziyarət etməyə nail olacağıq.

Alpər
AzNews.az