Arif Quliyevin vəziyyəti yenidən ağırlaşdı -Repotraj-Fotolar

3 Sentyabr 2012 15:58 (UTC+04:00)


Dünən Xalq artisti Arif Quliyev səhhətində problem yarandığı üçün Zərdab Mərkəzi Rayon Xəstəxanasına qaldırılıb. Bu gün səhər saatlarında isə paytaxtdakı Dənizçilər Xəstəxanasına yerləşdirilib. Xalq artistinə baş çəkən AzNews.az-ın əməkdaşının sözlərinə görə, hazırda Arif Quliyevin vəziyyəti normaldır.

Aktyor bildirib ki, o ömründə ikinci dəfədir ki, belə ağır hal keçirir: "Birinci dəfə 1994-cü ildə eyni diaqnozla xəstəxanaya düşmüşdüm. İndi isə daha pis vəziyyətə qaldım. Buna da səbəb oğlumun itkisi və gərgin iş rejimidir. Həkimin köməyi ilə vəziyyətim normallaşıb. Oğul itkisi çox ağırdır. Bunu düşmənimə belə arzu eləmirəm". Səhhətindəki problemlərə baxmayaraq, aktyor tezliklə səhnəyə qayıdacağını və yeni rollar alacağını bildirib. O, bu gücü və enerjini nəvəsindən aldığını deyib.

Xatırladaq ki, A. Quliyev tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olub. Xəstəxananın baş tibb bacısı Samirə Mövsümovanın dediklərinə əsasən, xalq artisti xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti ağırlaşıb: "Ancaq ilkin müdaxilələrdən sonra onun vəziyyəti normallaşıb".

Qeyd edək ki, bir çox sənət adamları Xalq artistinin vəziyyətinin ağırlaşdığını eşidib, xəstəxanaya gəliblər. İlk ziyarətə gələnlərdən olan Nahidə Orucova onun üçün çox narahat olduğunu bildirib: "Xəbəri radiodan eşitdim, çox qorxdum. Bura necə gəldiyimi də bilmirəm heç. Onun tezliklə ayağa qalxmasını gözləyir və bunu Allahdan diləyirik".

Əminə
AzNews.az