İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətini bilmir -Araşdırma

4 Sentyabr 2012 06:32 (UTC+04:00)
Bir müddətdir ki, paytaxt və rayonlarda ötən aylara nisbətən unun qiymətində artım müşahidə olunur. İqtisadi İnkişaf Nazirliyi monitorinqləri zamanı çörəyin bahalaşması qeydə alınmasa da, bunun da şahidi olmaq mümkündür.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, hazırda bununla bağlı monitorinqlər aparılır: "Aparılan monitorinqlər zamanı unun topdansatış və pərakəndə satış obyektlərində qiymət artımı müşahidə olunub. Ancaq nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları üzrə Dövlət Xidməti bazarda malların və xidmətlərin keyfiyyətinə nəzarət edərək süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Unun bahalaşması süni artım deyil, bu, dünyada ərzaq buğdasının qiymətindəki artımla bağlıdır. Qiymət artımının digər səbəbləri araşdırılır. Əslində qiymətlərdəki artım çox cüzidir, elə böyük dəyişiklik yoxdur".

Ancaq mətbuat rəhbəri çörəyin qiymətindəki artım fikri ilə razılaşmadı: "Aparılan monitorinqlər zamanı çörəyin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb. Qiymətin bahalığı çörəyin çeşidi ilə bağlı ola bilər. Biz artım müşahidə olunan zaman səbəbləri araşdırırıq, bu, süni şəkildə ola bilməz ". Əgər belədirsə, çörək də undan hazırlanır. Un bahalaşdığı halda, çörəyin qiyməti necə sabit qala bilər?

Satıcılar Nazirlik hesabatının əksini deyir...

Ancaq fakt budur ki, bir çox mağazalarda çörəyin qiyməti artıb. Alıcılar da bunu təsdiqləyir. Elə Yeni Yasamal rayonunda yerləşən "Yaşıl market"də alıcı kimi çörəyin əvvəlkindən baha olduğunu görüb, səbəblərini dəqiqləşdirməyə çalışdıq. Market satıcısının sözləri Nazirlik əməkdaşının və monitorinqlərin nəticəsinin sözlərinin əksini sübut etdi: "Unun qiyməti artandan sonra çörək də bizə baha qiymətə gəlməyə başladı. Əvvəl məsələn, 20 qəpiyə gəlirdisə, indi 30 qəpiyə gəlir. Belə olanda biz də məcburuq əvvəlkindən baha sataq. Guya deyirlər ki, unun bahalaşması çörəyin qiymətinə təsir etməyib, amma əslində belə deyil. Çünki biz işin içindəyik, bilirik. Hansı mağazalarda ki, çörək əvvəlki qiymətə satılır, onun keyfiyyəti və çəkisi bizdəki kimi deyil. Başqalarında 20 qəpiyə satılır zavod çörəyi, bizdə isə 40 qəpiyə. Çəkini azaldıb camaatı aldatmaqdansa, qiyməti artırırıq".

Doğrudur, strateji məhsul sayıldığından dövlət həmişə çörəyin qiymətini sabit saxlamağa çalışır. Amma bu "dəmir qayda"lara belə hallarda çörəyin çəkisi və keyfiyyəti mütləq aşağı salır. Əslində heç bir monitorinqsiz və məlumatsız unun qiymətinin artması artıq hər kəsi çörəyin də bahalaşması qənaətinə gətirir. Ancaq yanacağın, enerjidaşıyıcılarının, hətta unun qiymətinin qalxmasına baxmayaraq, çörəyin qiymətində artım müşahidə edilmədiyi bildirilir.

Bəs bunun səbəbi nədir? O hansı üsullardır ki, çörəyin qiymətini sabit saxlamağa imkan verir? Təbii ki, ilk növbədə, çörəyin qiymətinin artmadığı halda, keyfiyyətinin və çəkisinin aşağı düşəcəyi ehtimalı yaranır. Bəs çörəyin qiymətini "artmağa qoymayan" üsullar kəmiyyət-keyfiyyəti balansını da sabit saxlamağa imkan verirmi?
Onu da qeyd edək ki, Azərbaycanda un və un məmulatlarının, xüsusən də çörəyin çox vaxt standartlara cavab verməməsi, həmçinin belə məhsulların keyfiyyətsiz hazırlanması heç kimə sirr deyil. Bir sıra vətəndaşlar da bununla bağlı problemlər yaşayıblar. Bəs görək, ekspertlər nə deyir?

"Çörəyin qiymətinin bahalaşmaması fikri sakitləşdirici deyimdir"

Tibbi ekspert Adil Qeybulla deyir ki, qiyməti iki üsulla stabil saxlamaq olar: "Unun xəmirə çevrilməsi və sonra da onun bişirilməsi prosesi gedir. Burda iki şeylə qiyməti stabil saxlamaq olar. Birincisi, unun aşağı sort unlarla qarışdırılaraq qiymətdəki fərqi itirmək, digəri də çörəyin çəkisini azaltmaq. Ümumiyyətlə, adekvat olaraq ilkin xammalın qiyməti dəyişirsə, mütləq məhsulunu qiymətinə də təsir göstərir. Burda hər hansı yüksək texnologiyadan söhbət getmir, konkret olaraq unun istifadəsi prosesi, digər qatqılarla əvəz olunmasında müəyyən problemlər ortaya çıxa bilər". Ekspertin sözlərinə görə, ən əsası odur ki, bu amillər keyfiyyət parametrlərinə təsir etməsin: "Qiymətin stabil saxlanmasının deyilməsi ilkin sakitləşdirici deyimdir. Mən inanmıram ki, un bahalaşsın, çörək yox. Amma dövlətin datasiyası hesabına və digər üsulların hesabına çörəyin qiyməti dəyişməyə bilər. Bu da ki, inandırıcı görünmür".

"Azərbaycana genetik modifikasiya buğda növləri idxal olunur"

Adil Qeybulla köhnə və keyfiyyətsiz undan hazırlanan çörək məsələsinə də toxundu: "Vaxtı keçmiş undan istifadə etmək olmaz, edirlərsə, artıq texnoloji qaydaları da pozurlar. Aşağı keyfiyyətli unlar isə həzm prosesində problemlər yaradır. Mədə-bağırsaq traktı onu həzm etmək üçün hazır deyil. Məsələn, qarğıdalı ununun həzmini insan mədəsi çox çətinliklə həzm edir. Aşağı keyfiyyətli və köhnə unların qarışdırılması mədə-bağırsaq, həzm sistemində pozuntular yaradır".

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycana daxil olan buğda növlərinin böyük əksəriyyəti genetik modifikasiya olunmuş buğda növlərinə aiddir. Bu da xeyli suallar doğurur: "Azərbaycanın imkanı var ki, daxili resurslar hesabına strateji əhəmiyyətli taxılı özü istehsal etsin. Sadəcə olaraq kənd təsərrüfatına lazımi datasiya verilməsi, kəndlilər, bunu istehsal edən şəxslərin mükafatlandırılması və onun istehlakçıdan normal qiymətə alınması hesabına təmin etmək mümkündür. Ancaq korporotiv maraqlar bu məsələni üstələdiyindən Azərbaycana un idxal olunur. Bu da həmin genetik modifikasiya olunmuş buğdadan hazırlanır və ərzaq təhlükəsizliyi baxımından yolverilməzdir".

Çörəkdən yoluxa biləcəyimiz bəlalar

Ekspert Azərbaycanda çörəyin saxlanma şəraitinin də ürəkaçan olmadığını bildirdi. Onun sözlərinə görə, çörəyin digər sənaye və qoxusu olan məhsullarla birgə saxlanması qətiyyən düzgün deyil: "Çünki çörəyin üz dərisində hidroskapik xüsusiyyətlərin az olmasına baxmayaraq, daxilində çox güclüdür. Onun üzərindəki xırda məsamələrdən həmin qoxular daxil olur, bu da özüylə kimyəvi tərkiblər daşıdığından mənfi təsir yaradır. Çörək tamamilə quru, vintilyasiya olunan yerdə saxlanmalı və üzəri sırf parça məhsulları ilə örtülməlidir. Çünki üzərinə milçək qonmasın və müəyyən qoxular ona hopmasın".
Ancaq mağazalarda bütün bu şərtlərə əməl olunmadığının, çörək və digər un məmulatlarının heç də normativlərə uyğun qaydada saxlanmadığının şahidi oluruq.

Çörək və un məmulatlarının saxlanma qaydaları

Saxlama qaydalarına əsasən, çörək və çörək-bulka məmulatları ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən müddətlərdə satılmalıdır. Çəki ilə satılan çörəklər bişdikdən 3 saat sonra, ədədlə satılanlar isə isti halda buraxılır. Çörəyin ümumi saxlanılma muddəti sortlu undan çəki və ədədlə satılan məmulat üçün 24 saat, kəpəkli və kəpəksiz çovdar unundan bişirilmiş çörəklər üçün 36 saatdan çox olmamalıdır. Çörəyin saxlanılma müddəti sobadan çıxan vaxtdan hesablanır. İstifadə müddəti ötmüş çörək məmulatlarının ticarət şəbəkələrinə qəbuluna və satışına yol verilmir. Çörəyi saxladıqda bir çox mikroorqanizmlərin inkişafı nəticəsində çörəkdə xəstəlik baş verir.

Kartof xəstəliyi, kartof çöpləri və s. bakteriyalar vasitəsilə çörəyin içində inkişaf edir. Bu xəstəlik ən çox yayda 2-ci sort buğda çörəyində olur. Çörək bişdikdən 12-24 saatdan sonra içlik qaralır, yapışqanvarı yumrular əmələ gəlir. Kartof xəstəliyinə tutulmuş çörək istifadə üçün yararsızdır. Satış obyektlərində çörək və çörək-bulka məmulatları təmiz, quru, yaxşı ventilyasiya olunan otaqlarda 20-25 dərəcədə və 75% nisbi rütubətdən yuxarı olmayan şəraitdə saxlanılmalıdır.

Sonda isə bir el deyimini xatırlayaq: Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Bu deyimə əsasən, çörəyin qədrini çörəkçi daha yaxşı bilər, anlayar. Ancaq bu gün çörək ən birinci elə çörəyin hazırlandığı sexlərdə, çörəkçi tərəfindən "tapdalanır". Belə çörəkdə isə alıcılar nə halallıq tapır, nə dad. Yəqin elə buna görədir ki, unun və çörəyin qiymətinə təsir edən digər amillərin dəyişməsinə baxmayaraq, çörəyin qiyməti sabit saxlanılır...

Mövzunu davam etdirəcəyik.

Sevinc Fədai
AzNews.az