“Azəristiliktəchizat” sahibkarları ittiham etdi

4 Sentyabr 2012 13:56 (UTC+04:00)
"Bakıda tikilən hündürmərtəbəli binaların layihəsi hazırlanan zamanı işıq, qaz, su xətləri kimi istilik sistemi də nəzərdə tutulmalıdır. Amma əksər sahibkarlar ucuz başa gəlsin deyə bunu nəzərdə tutmur və nəticədə hündürmərtəbəli binalarda istilik problemi özünü göstərir". Bunu AzNews.az-a açıqlamasında "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidməti rəisi Rafiq Əliyev bildirib.

Xidmət rəisinin sözlərinə görə, həmin binalara texniki şərt verilir ki, bu da onlara fərdi qazanxana tikintisi və ya yaxınlıqdakı istilik mənbələrinə qoşulmasına imkan yaradır:"Biz qurum olaraq mənzillərin fərdi şəkildə qızıdrılmasının əlehinəyik. Bəzi binalarda kombi sistemi quraşdırılır, amma bu zaman obyekt kiçik olmalı və binadan azı 5 metr məsafədə yerləşməlidir. Təssüf ki, sakinlər hündürmərtəbəli yaşayış binalarından mənzil alanda bu məsələni diqqətdə saxlamırlar və yalnız qış gələndə problem yada düşür.

Halbuki sahibkar binanın layihəsi hazırlanan zaman bunu nəzərə almalıdır". Xidmət rəisinin sözlərindən aydın olub ki, hazırda Bakıda "Azəristiliktəchizat" ASC tərəfindən cəmi 40 hündürmərtəbəli bina istiliklə təmin olunur.

E.Əlosmanqızı
AzNews.az