Hacıbala Abutalıbov 10 bağça müdirini işdən uzaqlaşdırdı - Eksklüziv

5 Sentyabr 2012 14:54 (UTC+04:00)


Sentyabrın 5-də Baki Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarında yerləşən uşaq bağçalarının müdirlərinin iştirakı ilə iclas keçirilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Baki meri Hacıbala Abutalıbovun sədrliyi ilə keçirilən iclasda 10-a yaxın bağça müdiri işdən azad edilib. Bir neçə müəssisə rəhbərinə isə sonuncu xəbərdarlıla şiddətli töhmət elan olunub. İşdən çıxarılan müdirlər Nəsimi, Nərimanov rayonları da daxil olmaqla paytaxtın 4 rayonunu əhatə edib. Onlar barədə materialların Respublika Prokurorluğuna göndərilməsi də daxil olan məlumatlar arasındadır.

Müdirlərin işdən azad olunmasına səbəb uşaqlara verilməsi nəzərdə tutulan ərzaq məhsullarının mənimsənilməsi və nəzərdə tutulandan artıq uşağın qəbulu olub. Mer hər qrupda 20-dən artıq uşağın qəbul edilməməsi barədə ciddi tapşırıq verib.

Məlumat üçün bildirək ki, "Dəvəçi Broyler" ASC bağçalara verilən toyuq ətinin istifadəsi ilə bağlı 150 müəssisədə aparılan monitorinqin nəticələrini BŞİH-yə təqdim etmişdi. Monitorinq zamanı 70 bağçada nöqsanlar aşkarlanmışdı.

E.Əlosmanqızı
AzNews.az