Olimpiya çempionumuz: “Ən böyük qazancım Şöhrət ordeni almaq oldu” - Eksklüziv

6 Sentyabr 2012 15:48 (UTC+04:00)

Londonda qızıl medal qazanan güləşçimiz Toğrul Əsgərovun AzNews.az-a müsahibəsi:

2008-cu və 2010-cu illərdə gənclər arasında keçirilən Avropa çempionatlarının qalibi və dünya ikincisi, Moskvada keçirilən böyüklərin dünya çempionatının gümüş mükafatçısı Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazandı. Çempionumuzla görüşüb onu təbrik etdik. O da sevincini bizimlə bölüşdü:

- 19 yaşım olmasına baxmayaraq, çox böyük uğura imza atmışam. Hər bir güclü idmançının arzusu Olimpiya çempionu olmaqdı. Sevincimin həddi-hüdudu yoxdur. Allaha çox şükür ki, arzuma çatdım, çox xoşbəxtəm.

-Qazandığınız uğur sizə sevincdən başqa nələr verdi?

- Mənə Milli Olimpiyada Komitəsi tərəfindən 400 min manat, Gənclər və İdman Nazirliyindən isə 200 min manat mükafat verildi. Bundan əlavə Cənab Prezident İlham Əliyev məni şöhrət ordeni ilə mükafatlandırdı. Mənim üçün ən böyük qazanc da məhz Şöhrət ordeni almağım oldu. Buna görə Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. 19 yaşında şöhrət ordeni almaq hər adama nəsib olan iş deyil. Bunun məsuliyyəti də böyükdür.

- Belə bir fikir var ki, idmançılarımız uğur qazanandan sonra onlarda arxayınlıq yaranır. Uğurun davamını gətirmək üçün isə belə arxayınlıq mənfi amildir. Bu arxayınlıq sizdə də yaranıbmı?

- Əksinə mən daha da səylə çalışmağı qarşıma məqsəd qoymuşam. Avropa və Olimpiya çempionu oldum, çalışacağam ki, böyüklər arasında dünya çempionu tituluna da yiyələnəm. Növbəti olimpiadada bu uğurumu təkrarlamaq istəyirəm.

- Son dövrlər güləş yığmamız həm dünya, həm Avropa çempionatlarında, həm də olimpiadalarda kifayət qədər yaxşı nəticələr qazanır. Bunun səbəbini nədə görürsüz?

- Bu, güləşimizin və federasiyanın işinin potensialından xəbər verir. Güləşçilərimiz Londonda dörd qızıl medal qazandı. Güləş Azərbaycan idmanında əsas meyardır. Ən əsası odur ki, gənc istedadlar yetişir. Şadam ki, o istedadlı gənclərdən biri də mənəm.

Qeyd etməliyəm ki, Azərbaycan Güləş Federasiyası hər bir idmançı üçün lazımı şəraiti yaradıb. Bunun nəticəsidir ki, idmançılarımız onlara göstərilən bu qayğını qələbələri ilə sübut edirlər. Ölkəmizdə güləşə maraq çox böyükdür və yeni güləşçilər yetişir

- London Olimpiadası geridə qaldı. Növbəti hədəf nədir?

- Braziliyada keçiriləcək olimpiada oyunlarına hazırlaşıram. Bundan ötrü mən ən azı 5 ölkənin idmançısına qalib gələrək Braziliya olimpiadasına lisenziya qazanmalıyam. Mən çox gəncəm. Hələ uğurlar qabaqdadır. İnanıram ki, ikinci dəfə Olimpiada çempionu olacam.

Bahadur Eyuboğlu
AzNews.az