ETSN: “Azərbaycanda 220 sürüşmə sahəsi var“

6 Sentyabr 2012 16:08 (UTC+04:00)
"Yayın quraq keçməsi Azərbaycan ərazisində mövcud olan sürüşmə sahələrində stabillik yaradıb". Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib. Onun sözlərinə görə, sürüşmələrin aktivləşməsinin əsas səbəblərindən biri atmosfer çöküntüləridir: "Yay dövründə uzun müddət quraqlıq keçdi. Ona görə də hazırda sürüşmə sahələrində nisbi stabillikdir, aktivləşmə müşahidə olunmur".

B. Qaralovun sözlərinə görə, hazırda Azərbaycanda 220 sürüşmə sahəsi var: "Onlar hamısı əvvəlcədən sürüşməyə məruz qalmış ərazilərdir. Sadəcə olaraq sürüşmə sahələri öz areallarını genişləndirib. Sürüşmə sahələrində mütəmadi monitorinqlər aparılır. Payızın gəlişi və yağışların başlaması ilə əlaqədar olaraq təbii ki, bir çox sürüşmə sahəsində aktivləşmə müşahidə olunacaq. Buna görə də daha təhlükəli sürüşmə sahələrində intensiv monitorinqlər aparılacaq".

Ekspedisiya rəisi deyib ki, sürüşmə təhlükəsi dağlıq ərazilərdə - Şamaxı, Ağsu, İsmayıllı, Quba, Qusar, Lənkəran-Lerik, nisbətən Daşkəsən-Gədəbəy bölgəsində və Abşeron yarımadasında daha çoxdur.

AzNews.az